ABŞ Dəniz Piyadaları pilotsuz gəmi əleyhinə raket sistemi əldə edəcək

ABŞ Dəniz Piyadaları pilotsuz gəmi əleyhinə raket sistemi əldə edəcək

“Raytheon” şirkəti ABŞ Dəniz Piyadaları Korpusu ilə birlikdə gəmi əleyhinə NSM (Naval Strike Missile) dəniz zərbə raketi ilə təchiz edilmiş NMESIS (Navy Marine Expeditionary Ship Interdiction System) pilotsuz raket sisteminin ilk sınaq buraxılışını həyata keçirib.

Bu barədə “Poliqon” “Raytheon” şirkətinə istinadən xəbər verib.

ABŞ Dəniz Piyadaları Korpusu NSM gəmi əleyhinə raketi ilə silahlanma barədə qərarı hələ 2019-cu ilin may ayında qəbul edib. Eyni zamanda, NMESIS pilotsuz gəmi əleyhinə raket kompleksinin silahlanmaya qəbul edilməsi ABŞ Dəniz Piyadaları Korpusunun kompleks islahat proqramı ilə də nəzərdə tutulub.

NMESIS kompleksinin yaradılmasına isə ilyarım bundan əvvəl başlanıb. Bu müddət ərzində yaradıcılar yalnız mövcud pilotsuz nəqliyyat vasitəsini və NSM qanadlı raketini birləşdirilməsi üzrə texniki işləri yerinə yetiriblər.

Bununla belə,  şirkətin məlumatına görə, sınaqlarda əldə edilmiş nəticələrin əsas məqamı, NMESIS pilotsuz sisteminin hələ də dəniz hədəflərini vura bilməsi xüsusiyyətidir və buna görə də yeni hazırlanmış gəmi əleyhinə yerüstü kompleks Dəniz Piyadaları Korpusunu gücləndirəcəkdir.

Amma şirkət tərəfindən NMESIS kompleksinin ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən nə vaxt qəbul ediləcəyi və nə qədər belə sistemin istehsal ediləcəyi barədə məlumat verilmir.

Yalnız məlumdur ki, NMESIS sistemi iki elementdən ibarətdir. Bunlardan birincisi, şassi rolunu oynayan “AM General” şirkətinin istehsalı HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) yüksək keçidlikli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin əvəzinə “Oshkosh” şirkəti tərəfindən hazırlanmış yerüstü pilotsuz JLTV ROGUE Fires vasitəsidir. İkinci element isə NSM raketinin özü və buraxma konteyneridir. JLTV vasitəsinin yükqaldırması üç ton təşkil edir ki, bu da NSM gəmi əleyhinə raketlərinin buraxma qurğusunu yerləşdirmək üçün kifayət edir.

Kompleks islahat proqramı çərçivəsində ABŞ Dəniz Piyadaları Korpusu tank və ya artilleriya kimi “klassik” silahlardan mümkün qədər xilas olacaq, lakin, bir əməliyyat teatrından digərinə hərəkət edərkən hərəkətliliyi təmin edəcək müxtəlif pilotsuz sistemlərlə yenidən təchiz ediləcəkdir. Başqa sözlə, gələcək NMESIS sistemləri ABŞ Dəniz Piyadaları Korpusunda bu ilin əvvəlindən xilas olduğu M1 “Abrams” tanklarının əvəzinə silahlanmaya daxil ediləcək.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş