ADEX-2018 sərgisinə qatılacaq şirkətlərin ilkin siyahısı açıqlanıb

Sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində iştirakla bağlı bu günə qədər 130-dan çox şirkət və müəssisə qeydə alınıb.

“AzeriDefence”nin məlumatına görə, sərgidə Türkiyə, İsrail, Rusiya, Belarus, Çexiya, Çin, Pakistan və Ukrayna milli pavilyonla təmsil olunacaq. Sərginin media tərəfdaşı qismində 45 xarici və yerli KİV çıxış edir.

Sərgidə Azərbaycan MSN ilə yanaşı respublikada hərbi sahədə fəaliyyət göstərən bir sıra şirkətlər də ilk dəfə iştirak edəcəklər. Bu günə qədər yerli şirkətlərdən Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə və Hərbi Texnologiya Xidmət Mərkəzi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, VİTTA Elm və Texnologiya kimi yerli müəssisələr iştiraklarını təsdiqləyiblər. Yerli iştirakçıların sayının artacağı gözlənilir.

Sərgidə Azərbaycanla sıx münasibətləri olan OKB TSP, “Aqat”, “Belomo”, Belspetsvneştexnika (Belarus), ASELSAN, ROKETSAN, MKEK, Otokar, STM, TUSAŞ, Karel (Türkiyə), CETC International (Çin), Damen Shipyards (Niderland), Aeronautics Defense Systems, Elbit Systems, İAİ, İMİ Systems, Rafael, (İsrail), Excalibur Army (Çexiya), POF, GİDS (Pakistan), Rosoboronexport, Şvab, Polyot, Texmaş, Taktik Raket Silahları Korporasiyası, Birləşmiş Aviasiya Korporasiyası, Rusiya Helikopterləri, (Rusiya), Leonardo (İtaliya), Naval Group, Thales, MBDA Systems (Fransa), Temp-3000, Motor-Siç, Ukroboronprom (Ukrayna), Yuqimport-SDPR (Serbiya) və digər tanınmış şirkətlər də yer alacaq.

Sərgi çərçivəsində “Hava hücumundan müdafiə sistemləri və radio-elektron mübarizə (REB) vasitələrindən istifadə etməklə PUA ilə mübarizə metodları” və “Hərbi və xüsusi təyinatlı yerüstü robot komplekslərinin hazırlanma vəziyyəti və perspektivləri” mövzularında beynəlxalq konfransların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, AZERİ DEFENCE jurnalı Azərbaycandan sərginin rəsmi media tərəfdaşı qismində çıxış edir.

ADEX sərgisinin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

CATEGORIES