“Bayraktar KIZILELMA” və “Bayraktar Akıncı” birlikdə uçdu – VİDEO
Türkiyənin “Baykar” şirkətinin hazırladığı “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) ilə birlikdə uçuş sınaqları keçirilib.
“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, sınaqlar şirkətin Çorlu bölgəsində yerləşən Akıncı Təlim və Sınaq Mərkəzində baş tutub.
Bildirlib ki, 9-cu və 10-cu uçuş sınaqları zamanı “Bayraktar KIZILELMA” “Bayraktar Akıncı” PUA ilə birgə qol uçuşlarını yerinə yetirib. Beləliklə, Türkiyə tarixində ilk dəfə pilotsuz döyüş təyyarəsi və pilotsuz uçuş aparatı birlikdə bu fəaliyyətləri icra edib.
“Baykar” şirkətinin öz kapitalı hesabına reallaşdırdığı Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başlayıb. Ötən ilin 14 noyabrında TC-ÖZB quyruq nömrəsi ilə istehsal xəttindən çıxan “Bayraktar KIZILELMA” Çorludakı Akıncı Təlim və Sınaq Mərkəzinə köçürülüb. 2022-ci il dekabrın 14-də isə pilotsuz döyüş təyyarəsinin ilk uçuş sınağı baş tutub. Bu günə qədər keçirlən uçuş sınaqları zamanı reaktiv mühərrikli “Bayraktar KIZILELMA” PUA 630 km/saat sürətə çatmağı bacarıb.
Hazırda şirkət tərəfindən inkişaf və istehsal fəaliyyətləri davam edən “Bayraktar KIZILELMA”nın kütləvi istehsalına 2024-cü ildən başlanılması planlaşdırılır.
“Bayraktar KIZILELMA” ötən həftələrdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasına qəbul olunan “TCG Anadolu” amfibiya hücum gəmisində də xidmət göstərəcək. Pilotsuz döyüş təyyarəsinin bu gəmidə keçiriləcək uçuş sınaqlarının 2025-ci ildə başlanılması hədəflənib.
ASELSAN şirkəti tərəfindən hazırlanan milli AESA radarı ilə təchiz ediləcək “Bayraktar KIZILELMA” 8.5 ton qalxış ağırlığına və 1500 kiloqram faydalı yük daşımaq imkanına sahib olacaq. O, milli və yerli olaraq inkişaf etdirilən müxtəlif növ sursatlardan istifadə edərək həm “hava-yer”, həm də “hava-hava” tipli tapşırıqları yerinə yetirə biləcək.