Çin istehsalı FK-3 ZRS Serbiyaya çatdırılıb

Çin istehsalı FK-3 ZRS Serbiyaya çatdırılıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Hərbi Hava Qüvvələrinin (HHQ) altı hərbi nəqliyyat təyyarəsi Türkiyə istiqamətindən Avropa hava məkanına daxil olaraq Belqradda yerə enib.

“Poliqon” xəbər verir ki, aviasiya marşrutlarını izləyən internet saytları Türkiyənin hava məkanında ÇXAO HHQ-nə məxsus Y-20 hərbi-nəqliyyat təyyarələrinin göründüyünü bildirib.

Sonradan məlum olub ki, təyyarələr Serbiyaya doğru hərəkət edərək Belqradın “Nikola Tesla” hava limanında eniblər. Məlumatlara görə, Serbiyaya Çinin əvvəlcə dörd, sonra isə daha iki olmaqla, ümumilikdə altı nəqliyyat təyyarəsi gəlib.

ÇXAO HHQ hərbi nəqliyyat aviasiyası Serbiya tərəfindən 2020-ci ildə satın alınmış FK-3 zenit-raket sistemini (ZRS) sifarişçiyə çatdırıb. Bu ZRS Çinin ən son nəsil HQ-22 (HongQi-22) orta mənzilli hava hücumundan müdafiə sisteminin ixrac versiyasıdır.

HQ-22 ZRS Çinin “China Aerospace Science & Industry Corporation Limited” (CASIC) dövlət raket-kosmik korporasiyasının tərkib hissəsi olan və 061 nömrəli baza kimi tanınan “Jiangnan Space Industry” şirkəti tərəfindən hazırlanıb. O, HQ-12 (HongQi-12) zenit-raket kompleksinin (ZRK) təkmilləşdirilmiş versiyasıdır.

Xatırladaq ki, sistem ilk dəfə 2016-cı ildə Çjuhayda keçirilən “Airshow China-2016” beynəlxalq sərgisində nümayiş etdirilib. HQ-22 ZRS ÇXAO-da köhnəlmiş HQ-2 ZRK-ni əvəz etmək üçün nəzərdə tutulub. Ümumilikdə Serbiya üç batareya FK-3 ZRS alıb. Bildirilir ki, Serbiya Çinin FK-3 ZRS-ni alan ilk məlum xarici alıcıdır.

150-170 km-ə qədər məhvetmə radiusuna və 50 m-dən 27 km-ə qədər məhvetmə hündürlüyünə malik olan baza HQ-22 sistemindən fərqli olaraq, FK-3 ixrac versiyası 5 km-dən 100 km-ə qədər məhvetmə zonasına malikdir. Məhvetmənin hündürlük parametrləri isə eynidir. 8×8 təkər formullu TAS5450 şassisində yerləşdirilmiş üç buraxma qurğusundan ibarət kompleks eyni vaxtda altı hədəfə 12 raket buraxmağa qadirdir. Zenit idarə olunan raketlər yarıaktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz olunub. Raketin döyüş hissəsi qəlpəli-fuqas təsirlidir.

Kompleksin tərkibinə buraxma qurğuları, zenit idarə olunan raketlər, H-200 çoxfunksiyalı işıqlandırma və tuşlama radiolokasiya stansiyası, komanda məntəqəsi, nəqletmə-doldurma maşınları və texniki xidmət vasitələri daxildir.

FK-3 ZRS düşmən təyyarələrini, pilotsuz uçuş aparatlarını, qanadlı raketlərini və helikopterlərini döyüş istifadəsinin bütün yüksəkliklərində, gecə və gündüz, bütün hava şəraitində düşmənin aktiv radioelektron əkstəsir tədbirləri şərtlərində məhv etmək üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS