
Hindistanda yeni “Agni P” nüvə başlığı daşıyıcısı yaradılıb
Hindistanda yeni bir “Agni P” adlı nüvə başlığı daşıyıcısı yaradılıb.
“Poliqon” xəbər verir ki, dünən Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafları Təşkilatının (DRDO) mətbuat xidməti yeni “Agni P” raketinin uğurlu sınaqlarının keçirildiyini elan edib.
Mətbuat xidmətin məlumatında bildirilir ki, “DRDO, Abdul Kalam adasından nüvə qabiliyyətinə sahib yeni nəsil “Agni P” ballistik raketinin uçuş sınaqlarını uğurla həyata keçirib. Şərq sahili boyunca yerləşən müxtəlif telemetriya və radiolokasiya stansiyaları raketi izləyib və nəzarətdə saxlayıb. Raket, bütün qoyulmuş tapşırıqları yüksək dəqiqliklə yerinə yetirərək verilmiş trayektoriya ilə hərəkət edib”.
Əlavə olaraq DRDO-dan, “Agni P” raketinin “Agni” ailəsindəki yeni “yer-yer” sinifə aid raket olduğu bildirilib. Raket “1000-2000 km” uçuş məsafəsinə malikdir və həm adi, həm də nüvə döyüş başlıqlarını daşıya bilir.
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyi “Agni-1” (uçuş mənzili – 700 km), “Agni-2” (uçuş mənzili 2000 km), “Agni-3” (uçuş mənzili 2500 km), “Agni-4” (uçuş mənzili 3500 km) və “Agni-5” (uçuş mənzili 5000 km) raketlərini silahlanmaya qəbul edib. Bu raketlər ölkəyə Pakistanla nüvə paritetini saxlamağa və Çin ilə “bərabər təmasda” olmağa imkan verir. Hindistanda sualtı atış imkanı və 8000-10000 km uçuş məsafəsi olan “Agni-6” raketinin inkişaf etdirildiyi də məlumdur.
Əhəd Əzizov