İsveç Avstraliyaya əlavə “Carl-Gustaf M4” qumbaraatanı tədarük edəcək
İsveçin “Saab” şirkəti Avstraliya Müdafiə Nazirliyindən “Carl-Gustaf M4” qumbaraatanının tədarükü üçün əlavə sifariş alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin ümumi dəyəri 400 milyon SEK (36.9 milyon ABŞ dolları) təşkil edir.
Bildirilib ki, sifariş üzrə 2024-2025-ci illər ərzində Avstraliya Müdafiə Nazirliyinə çatdırılacaq “Carl-Gustaf M4” qumbaraatanları “Saab”ın yeni atəşi idarəetmə cihazı olan FCD 558 ilə təchiz ediləcək.
“Carl-Gustaf M4” qumbaraatanı, “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.
Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2.2 dəfə yüngüldür.
“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran sursat sürətləndiricisi var.
Hazırda “Carl-Gustaf” qumbaraatanları dünyanın 40-dan çox ölkəsində istifadə edilir.