“Oshkosh Defence” ABŞ Ordusuna yük maşınları tədarük edəcək
“Oshkosh Defence” şirkəti ABŞ Ordusuna yük maşınları tədarük etmək üçün müqavilənin 146,8 milyon ABŞ dollar qarşılığında üç il müddətinə uzadıldığını açıqlayıb.
Bu barədə “Poliqon” “Army Recognition” portalına istinadən xəbər verib.
Müqaviləyə əsasən, şirkətin yeni yüksək mobillikli taktiki ağır yük maşınları (HEMTT), altlıqla yükləmə sistemi (PLS) olan yük maşınları və qoşquları, habelə ağır texnika daşıyıcıları (HET) tədarük edəcəyi bildirilir. İlkin sifariş ümumilikdə 353 avtomobildən ibarətdir.
FHTV yük maşınının quruluşunun əsas cəhəti, bir çox rolu yerinə yetirmək bacarığının olmasıdır. FHTV-nin çevik arxitekturası ayrıca texniki vəziyyətə görə qulluq, sürücü qabaqcıl yardım sistemləri, avtonomluq, daxili güc və digər sübut edilmiş texnologiyalar kimi əlavə xüsusiyyətləri də əhatə edir.
“Oshkosh Defence” şirkəti ABŞ Ordusundan FHTV IV barədə ilk müqaviləni 2015-ci ildə alıb.
FHTV istehsalına başlandığı gündən bəri şirkət 35.800 ədəddən artıq HEMTT, 8.500 ədəd PLS və 4.600 ədəd HET istehsal edib. Bundan əlavə 14.000 ədəddən çox HEMTT, 3.500 ədəd PLS və 1.000 ədəd HET-i təkrar bərpa edib.
2020-ci ilin dekabr ayında ABŞ Müdafiə Nazirliyi “Oshkosh Defence” şirkəti ilə 4×4 təkər formullu JLTV (Joint Light Tactical Vehicle) zirehli maşınların, habelə ABŞ Silahlı Qüvvələri və xaricdəki müştərilər üçün müvafiq avadanlıqların təchizatı üçün iki müqavilə bağlayıb. Müqavilələrin ümumi satış dəyəri 911.4 milyon ABŞ dollarıdır ki, bu da JLTV üçün ikinci ən böyük birdəfəlik sifarişdir. İşlər 31 oktyabr 2022-ci ilə qədər tamamlanmalıdır.
Xatırladaq ki, 2015-ci ilin avqust ayında “Oshkosh Defence” şirkəti, üç namizədin təkliflərinin qiymətləndirilməsinə əsasən 4×4 təkər formullu JLTV avtomobillərinin tədarükü üçün keçirilən tenderin qalibi olaraq ABŞ Ordusu tərəfindən seçilib.
Zirehli maşınlar 55.000 ədəd HMMWV zirehli maşının əvəzlənməsi üçün təyin edilib. 25 avqust 2015-ci il tarixində şirkətlə 114,669 milyon ABŞ dollar dəyərində ilkin müqavilə imzalanıb.
İlk 7 ədəd JLTV zirehli maşının “Oshkosh Defence” şirkəti tərəfindən 2016-cı ilin sentyabr ayının sonunda sınaq üçün ABŞ Ordusunun qoşunlarına təhvil verilib.
Əhəd Əzizov