Qazaxstan A400M hərbi nəqliyyat təyyarəsi alır

Qazaxstan A400M hərbi nəqliyyat təyyarəsi alır

Qazaxıstan ordunun aviasiya parkını genişləndirməyə davam edir. “Airbus” korporasiyası iki turbopərli dörd mühərrikli A400M hərbi nəqliyyat təyyarəsinin tədarükü üçün Qazaxıstan Silahlı Qüvvələri ilə müqavilə bağlandığını elan edib. Bunlardan birincisinin çatdırılması 2024-cü ildə baş tutmalıdır.

“Poliqon” xəbər verir ki, bu barədə “Airbus” korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Bununla, Qazaxıstan, A400M hərbi nəqliyyat təyyarələrinin ümumilikdə doqquzuncu, eyni zamanda bu təyyarələri inkişaf etdirən və satın alan orijinal Avropa konsorsiumunun hüdudları xaricində ikinci müştəri oldu. Qazaxıstan üçün hazırlanacaq iki təyyarə nəzərə alınmaqla, A400M üçün ümumi sifariş portfelinin sayı 176 ədədə çatıb, onlardan 104-ü bu günə qədər çatdırılıb. Qazaxıstan 2000-ci illərdən etibarən A400M təyyarələri almaqda maraqlı olduğunu göstərib, bu təyyarələr bir neçə dəfə ölkədə nümayiş etdirilib.

Bundan əvvəl Qazaxıstan “Airbus” korporasiyasından doqquz yüngül qoşa mühərrikli C295M hərbi nəqliyyat təyyarəsi alıb. Onlardan səkkizi Havadan Müdafiə Qüvvələri tərəfindən, biri isə Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti tərəfindən alınıb.

Müqavilə ilə eyni vaxtda, A400M və C295 təyyarələrinə Qazaxıstanda texniki xidmət və əsaslı təmir sahəsində Əməkdaşlıq Memorandumu, həmçinin Qazaxıstanda C295 təyyarələrinə texniki xidmət mərkəzinin yaradılmasının birinci mərhələsi haqqında razılaşma imzalanıb.

Xatırladaq ki, A400M hərbi nəqliyyat təyyarəsinin ilk uçuşu 11 dekabr 2009-cu il tarixində həyata keçirilib.

Təyyarənin boş kütləsi 66,5 tondur, maksimal yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimal kreyser sürəti 780 km/saatdır. Təyyarə maksimal yüklə 3300 km uçmağa qadirdir. Heyəti 2-4 nəfərdən ibarətdir.

Qeyd edək ki, Türkiyə, Almaniya, Fransa, Birləşmiş Krallıq, İspaniya, Belçika, Malayziya və Lüksemburq kimi ölkələrin hərbi arsenalında “Airbus” A400M təyyarələri yer alır.

Poliqon.az

Əhəd Əzizov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş