
SİPER-1 avtonom batareya atışında hədəfi dəqiqliklə vurdu
Türkiyədə SİPER-1 uzun mənzilli hava hücumundan müdafiə (HHM) sisteminin avtonom batareya atışı sınağı həyata keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “NSosyal” hesabında paylaşım edib.
Bildirilib ki, Dost və düşmən hədəf elementlərindən ibarət sınaq ssenarisində müvafiq düşmən hədəfi dəqiqliklə məhv edilib.
“Çelik Kubbe” (“Polad Günbəz”) konsepsiyasında yer alan SİPER zenit-raket sistemi (ZRS) Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi altında ASELSAN və “Roketsan” şirkətləri tərəfindən birgə inkişaf etdirilib.
2018-ci ildə inkişaf etdirilməyə başlanan SİPER ZRS, “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir. O, uzun mənzil və yüksək hündürlükdəki hava hədəflərini – döyüş təyyarələrini, qanadlı raketləri, “hava-yer” tipli sursatları və s. zərərsizləşdirmək üçün nəzərdə tutulub.
SİPER ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.
