TEBER tuşlama dəstinin dizaynında dəyişiklik edilib
Türkiyənin ROKETSAN şirkəti TEBER tuşlama dəstinin dizaynında dəyişiklik edib.
“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, dəyişiklik çərçivəsində TEBER tuşlama dəstinin dizaynına qanadlar əlavə olunub.
Belə ki, əvvəllər quyruq hissəsindəki qanadlardan, bombanı əhatə edən “köynək”dən və uc hissəsindəki lazer tuşlama başlığından (LTB) ibarət olan TEBER-in gövdəsində artıq qanadlar da yer almaqdadır. Bu qanadlar pilotsuz uçuş aparatları (PUA) tərəfindən TEBER-in istifadəsini asanlaşdıracaq.
TEBER tuşlama dəsti ROKETSAN tərəfindən Mk-81 və Mk-82 tipli ümumi təyinatlı aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. TEBER, sadə ümumi təyinatlı aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları tətbiq etməklə idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən TEBER-in LTB hissəsinə yaxınlıq sensoru da əlavə edilə bilər.
TEBER-81/TEBER-82 əsas xassələri:
- Aviasiya bombasının uzunluğu 2100/2600 mm;
- Kütləsi 155/270 kq;
- Fəaliyyət məsafəsi 2-28 km;
- Tuşlama növü adi INS, INS+GPS, INS+GPS+LTB, INS+LTB;
- Yaxınlaşma sensoru 2-15 metr;
- Bombanın dairəvi sapma ehtimalı <3 metr – INS ilə 10 metr, INS/GPS ilə 6 metr, INS/GPS/LTB ilə 3 metr;
- Manevr qabiliyyəti ± 3g;
- Hərəkət edən hədəfin sürəti <40 km/s;
- Atılma hündürlüyü 2000-12000 metr;
- Nəqletmə hündürlüyü 0-12000 metr.