Türkiyə Müdafiə Sənayesi Başqanlığı Azərbaycana müşavir təyin edib

Türkiyə Müdafiə Sənayesi Başqanlığı Azərbaycana müşavir təyin edib

Türkiyə Müdafiə Sənayesi Başqanlığından (SSB) İlker Türköz Azərbaycan üzrə müşavir təyin edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm özünün sosial media hesabında paylaşım edib.

“Bu gün həm dövlətlərimiz Azərbaycan və Türkiyə, həm də sektorumuz üçün kritik dönüş nöqtəsi olduğunu düşünürəm. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Başqanlığının ölkəxarici təşkilatının tərkibində 9 ölkə üçün Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradıldı və bu heyətlərlə bağlı ilk təyinat təbii ki, can Azərbaycana edildi.

Tam müstəqil, texnoloji cəhətdən üstün, ixrac yönümlü, dost, müttəfiq və qardaşları ilə qurduğu əməkdaşlıqlarla böyüyən müdafiə sənayemizi daha da irəliyə aparmaq missiyamızda böyük məsuliyyəti üzərinə götürən İlker Türköz bəyə xidmətində uğurlar arzulayıram. Türkiyəmizə və Azərbaycanımıza xeyrli-uğurlu olsun”, – deyə “ASELSAN-Bakı” şirkətinin direktoru Özgür Kürüm bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Prezident Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesindəki prioritetləri nəzərə alaraq Türkiyənin 9 ölkədəki səfirliyində bu ölkənin Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyinin yaradılması ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, Türkiyənin Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş və London/İngiltərə səfirliklərində Müdafiə Sənayesi Müşavirliyi heyətinin yaradılması planlaşdırılıb.

Türkiyə səfirliklərinin nəzdində fəaliyyət göstərəcək müşavirlər xidmətdə olduqları ölkə ilə SSB-nin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı diplomatiya fəaliyyətləri həyata keçirəcək. Həmin ölkədə müdafiə sənayesinə aid məsələləri və bu istiqamətdə yer alan müvafiq qanunvericiliyi izləyəcək, qiymətləndirəcək, hesabat hazırlayacaq və nəticələri SSB-yə çatdıracaq.

Müşavir xidmət göstərdiyi ölkədə müdafiə sənayesi ilə bağlı keçirilən ikitərəfli və çoxtərəfli beynəlxalq toplantılarda, dövlət qurumlarının tədbirlərində SSB-ni təmsil edəcək, müdafiə sənayesi ilə bağlı strategiya və siyasətləri təqib edəcək, əlaqədar ölkə qurumları nəzdində müdafiə və təhlükəsizlik sahəsində Türkiyə ilə bağlı həyata keçiriləcək ixrac icazələri, lisenziyalar, hökumətin təsdiq etdiyi layihələri təqib edəcək, keçiriləcək tenderlər haqqında məlumat toplayacaq.

SSB-nin xarici müşavirləri xidmət göstərəcəyi ölkə ilə Türkiyənin birgə Tə-İn (tədqiqat və inkişaf), texnologiya əldə etmək, məhsul hazırlamaq, üçüncü ölkəyə ixrac etmək və oxşar əməkdaşlıq layihələrinin başladılmasına yönəlik imkanları araşdıracaq, iki ölkənin dövlət, özəl qurumları və şirkətləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına, habelə gücləndirilməsinə töhfə verəcəkdir.

Müşavir həmçinin xidmət göstərəcəyi ölkənin Türkiyə ilə müdafiə sənayesi sahəsində imzalanmış ikitərəfli sazişlərin, protokolların və anlaşma memorandumlarının icrasını izləyəcək, qiymətləndirəcək, müdafiə sahəsi ilə əlaqədar qanunvericilikdə SSB-yə həvalə edilən vəzifələri, xidmət göstərəcəyi ölkəni maraqlandıran məsələləri həyata keçirəcək, SSB ilə yanaşı, Türkiyəni təmsil edən nümayəndəlik və konsulluq rəhbərləri tərəfindən veriləcək digər vəzifələri yerinə yetirəcək.

CATEGORIES
TAGS