Xüsusi Təyinatlı Qüvvələr İHASAVAR antidron sistemi ilə təchiz olunub

Xüsusi Təyinatlı Qüvvələr İHASAVAR antidron sistemi ilə təchiz olunub

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Türkiyənin ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən İHASAVAR antidron sistemi ilə təchiz olunub.

“Poliqon” xəbər verir ki, İHASAVAR antidron sistemi XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “N” saylı hərbi hissəsində olan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim olunub.

Xatırladaq ki, 2017-ci ildə ASELSAN şirkətinin sabiq baş direktoru Faiq Eken “Poliqon” jurnalına (əvvəlki adı ilə “AzeriDefence”) açıqlamasında İHASAVAR və İHTAR antidron sistemlərinin Azərbaycan tərəfindən satın alındığını bildirmişdi. O həmçinin, Azərbaycanın hər iki sistemin ilk xarici sifarişçisi olduğunu qeyd etmişdi.

İHTAR və İHASAVAR antidron sistemləri özünün imkanlarını real şəraitdə sübuta yetirmiş cihazlar hesab olunur.

ASELSAN şirkətinin istehsal etdiyi İHASAVAR antidron sistemi düşmən dronlarının və mini pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üçün təyin edilib. Tək bir personal tərəfindən rahatlıqla daşına və isifadə edilə bilən antidron sistemindən hərbi obyektlərin, bazaların, dövlət qurumlarının binalarının, yüksək vəzifəli şəxslərin, avtomobil karvanlarının, piyada bölmələrinin və nəzarət-buraxılış məntəqələrinin mühafizə edilməsində istifadə olunur.

İHASAVAR-ın işləmə prinsipi düşmən PUA-larının RF siqnallarını qarışdırmaq və onları kor etməkdən ibarətdir. O, dronun operatorla olan əlaqəsini, GPS/GLONASS peyk naviqasiyasını, məlumat və görüntü ötürmə tezliklərini eyni vaxtda qarışdıraraq yarana biləcək təhlükələri aradan qaldırır.

CATEGORIES
TAGS