Xorvatiya Silahlı Qüvvələri ABŞ istehsalı silah və döyüş texnikaları ilə gücləndirilir
Son illərdə Xorvatiya kifayət qədər fəal şəkildə ABŞ istehsalı olan silah və texnika almağa başlayıb.
“Poliqon” xarici KİV-lərə istinadən xəbər verir ki, bunun əyani sübutlarından biri də ABŞ Dövlət Departamentinin Xorvatiyaya 8 dəst M142 HIMARS yaylım atəşli reaktiv sisteminin (YARS) satışını təsdiqləməsidir.
ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsi bildirib ki, qurğulardan başqa Xorvatiyaya onlar üçün müvafiq xidmətlər və avadanlıqlar da veriləcək. Qeyd olunur ki, müqavilənin təxmini dəyəri 390 milyon ABŞ dolları ola bilər.
Ümumilikdə söhbət 8 dəst M142 HIMARS sistemindən, 24 blok GMLRS idarəolunan reaktiv mərmilərindən və 24 blok fuqas döyüş başlığına malik unitar M31A2 raketlərindən gedir.
Xorvatiya həmçinin 10 ədəd HMMWV zirehli maşınları və 36 ədəd GPS qəbuledicisi, eləcə də hərbi personalı üçün lazımi proqram təminatı, simulyatorlar və təlimlər alacaq.
Bildirilir ki, bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm amil olaraq NATO üzvü olan Xorvatiyanın təhlükəsizliyini gücləndirməklə ABŞ-nin xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləməyə kömək edəcək.
Sözügedən sistemlərin alınmasına dair müqavilə bu ilin sonuna kimi Xorvatiya ilə ABŞ arasında imzalana bilər.
Belə ki, Xorvatiya öz silahlı qüvvələrinin modernləşdirilməsi çərçivəsində ABŞ-dən M142 HIMARS raket sistemləri almaq niyyətindədir. Bu barədə cari ilin 5 avqust tarixində “Fırtına, Qələbə və Vətən Şükranlıq Günü və Xorvatiya Veteranları Günü (Oluja, Dan pobjede i domovinske zahvalnosti i dan hrvatskih branitelja) hərbi aksiyasının 29-cu ildönümündə” çıxışı zamanı Xorvatiyanın Baş naziri Andrey Plenkoviç məlumat verib.
Onun sözlərinə görə, Xorvatiya Fransanın “Rafale” çoxməqsədli qırıcılarının alınmasından əlavə, öz ordusunu modernləşdirməyə davam edir.
Xüsusilə, ABŞ-nin Ukraynada döyüş meydanında özünü doğrultmuş M142 HIMARS YARS-nin alınması planlaşdırılır. Bundan başqa, Xorvatiya artıq Fransadan 155 mm-lik “Caesar” özüyeriyən artilleriya qurğularının (ÖAQ) alınması prosesinə başlayıb.
Xorvatiya Silahlı Qüvvələrinin modernləşdirilməsi planına Quru Qoşunları üçün müasir Qərb tanklarının alınması, həmçinin Xorvatiya Hərbi-Dəniz Qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi də daxildir.
M142 HIMARS YARS mövzusuna qayıdaraq qeyd etmək lazımdır ki, keçən həftə Xorvatiya mətbuatı ABŞ-dan M142 HIMARS-ın mümkün alışı haqqında yazmışdı. Hərbi dairələrdəki mənbələrin məlumatına görə, bu reaktiv sistemlərin alınması üçün Xorvatiya ilə ABŞ arasında təxminən 300 milyon dollarlıq müqavilə bu ilin sonuna qədər imzalana bilər.
Xatırladaq ki, bundan əvvəl bu silahların alınması ilə bağlı danışıqların iki ilə yaxın davam etdiyi bildirilirdi.
Xorvatiya Silahlı Qüvvələrində istismar olunan ABŞ silah və döyüş texnikalarından biri də M2A2 ODS “Bradley” piyada döyüş maşınlarıdır (PDM). Sözügedən döyüş maşınlarının ilk partiyasını Xorvatiya Quru Qoşunları ABŞ-dən 2023-cü ilin dekabrında alıb. Həmin dövrdə Xorvatiya hökumətinin rəsmi saytında birinci partiyanın 22 ədəd M2A2 ODS “Bradley” PDM-dən ibarət olması qeyd olunub.
Bu satınalma Xorvatiyaya NATO üzvü kimi ortaq sərhədlərin müdafiəsi üçün daha yaxşı imkanlar verəcək və ABŞ Silahlı Qüvvələri ilə əlaqələri yaxşılaşdıracaq.
Texnikaların ölkənin Quru Qoşunlarının istifadəsinə hazırlanması Slavonski Broddakı “Đuro Đaković Special Vehicles” zavodunda aparılacaq və işlər 2026-cı ildə başa çatacaq.
Minnesota ştatının Milli Qvardiyası ABŞ və Xorvatiya arasında ikitərəfli tərəfdaşlıq proqramının tərkib hissəsi olaraq şəxsi heyətin hazırlanmasına və bu zirehli maşınların texniki qulluğuna kömək edəcək.
Daha əvvəl bildirilmişdi ki, Xorvatiyanın “Djuro Djakovic Special Vehicles” zavodu ABŞ-nin “BAE Systems” şirkəti ilə yerli müdafiə sənayesi tərəfindən “Bradley” PDM parkını təmir etmək və dəstəkləmək qabiliyyətinin əldə edilməsinə dair müqavilə imzalayıb.
Tenderə əsasən, bu mütəxəssislər M2A2A3 ODS və ODS SA “Bradley” döyüş maşınlarına dəstək göstərməlidirlər.
Qeyd edək ki, “Djuro Djakovic Special Vehicles” zavodu Xorvatiyada əsas döyüş tankları və döyüş maşınlarının aparıcı təchizatçısıdır.
Daha əvvəl xəbər verdiyimiz kimi, ABŞ Ordusu əlavə sayda “Bradley” PDM-nin modernləşdirilməsi üçün əlavə müqavilə imzalayıb. Modernləşdirmə paketi döyüş maşınlarının modernləşdirilməsinə dair bir sıra müqavilələr çərçivəsində mövcud M2A3 və M76A3 zirehli texnika parkını A4 səviyyəsinə çatdırmalıdır.
Bütün bunlarla yanaşı, bu ilin iyul ayında Xorvatiya həmçinin ABŞ-nin “Sikorsky” şirkətinin istehsalı olan 8 ədəd UH-60M “Black Hawk” helikopteri sifariş edib. Xatırladaq ki, yanvar ayında ABŞ Dövlət Departamenti Xorvatiyaya UH-60M “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib.
Müqavilənin təxmini dəyəri 500 milyon ABŞ dollarıdır. Müqaviləyə avadanlıq, ehtiyat hissələri və müvafiq köməkçi avadanlıqların tədarükü daxildir. Müqaviləyə həmçinin 19 ədəd T700-GE 701D mühərriki daxildir, onlardan 16-sı helikopterlərdə quraşdırılacaq, 3-ü isə ehtiyat hissələri olacaq. Bundan əlavə, pilotlar və yerüstü heyət üçün trenajorların, dəbilqələrin və helikopterlərə texniki qulluq üçün xüsusi alətlərin verilməsi nəzərdə tutulur.
Bu helikopterlərin təhvil verilməsindən sonra Xorvatiyanın “Black Hawk” donanması 12 ədədə çatacaq. Bundan əvvəl Xorvatiya 4 ədəd UH-60M “Black Hawk” helikopteri alıb. Onlardan ikisi ölkənin vəsaiti hesabına alınıb, ikisi isə ABŞ hökuməti tərəfindən hədiyyə edilib.
Xorvatiyanın “Black Hawk” helikopterləri qoşunların yerdəyişməsi, sərhəd mühafizəsi, terrorla mübarizə, tibbi təxliyə, axtarış-xilasetmə əməliyyatları, ehtiyatların doldurulması və döyüş dəstəyi daxil olmaqla müxtəlif missiyaları yerinə yetirə bilər.
UH-60M “Black Hawk” helikopterlərinin 7,62×51 mm çaplı M240H pulemyotları ilə silahlanması planlaşdırılır. Bunun üçün bu atıcı silahlardan 18 ədəd alınmalıdır.
Göstərilən silah və texnika nümunələri Xorvatiya Silahlı Qüvvələrinin modernləşdirilməsinə və NATO standartlarına uyğunlaşdırılmasına dəstək olacaqdır.
Əhəd Vahidoğlu