155 mm çaplı DITA özüyeriyən artilleriya qurğusuna baxış – ARAŞDIRMA

155 mm çaplı DITA özüyeriyən artilleriya qurğusuna baxış – ARAŞDIRMA

DITA (Dligital Integrated Targeting Artillery) Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən hazırlanmış müasir yarıavtomatlaşdırılmış 155 mm-lik özüyeriyən artilleriya qurğusudur (ÖAQ).

“Poliqon”un məlumatına görə, DITA ÖAQ-ın inkişafına 2019-cu ildə başlanmış və ilk prototipi 2021-ci ilin yanvarında təqdim edilmişdir. Özüyeriyən qurğu standart NATO sursatları ilə uyğun gələn 155 mm-lik silaha sahibdir.

ÖAQ sensor ekranlı M4 idarəetmə sistemindən istifadə etməklə idarə olunur. Onun paneli çıxarıla biləndir, bu da kabinadan kənarda qülləni idarə etməyə imkan verir. Avtomatlaşdırma sayəsində atəşi idarəetmə bir nəfər tərəfindən həyata keçirilə bilər.

İstehsalçının bildirməsinə görə, konsepsiya tam avtonom üst quruluşdan istifadə edir ki, universaldır və döyüş modulu müxtəlif təkərli və ya tırtılll şassilərə quraşdırıla bilər.

Ümumiyyətlə, DITA ÖAQ 152 mm-lik təkərli DANA, DANA M1 və DANA M2 özüyeriyən haubitsalarının daha da inkişaf etdirilmiş versiyasıdır. Lakin məşhur ShKH vz.77 DANA ÖAQ-dan fərqli olaraq, 39 kilometrə qədər atəş məsafəsi olan 155 mm-lik haubitsadan istifadə edir. “Excalibur Army” şirkəti 2021-ci ildə perspektivli 155 mm-lik DITA özüyeriyən qurğusunu hazırlayaraq təqdim edib. Layihə əvvəllər DANA, ZUZANA və s. sistemlər xəttində tətbiq edilmiş ideya və həllərdən geniş istifadə etməklə tamamlanıb.

Qeyd edildiyi kimi, DITA özüyeriyən top-haubitsası standart 155 mm-lik NATO döyüş sursatından istifadə edən yeni müasir artilleriya silahıdır. O, orijinal Çexoslovakiyanın TATRA yük maşınına quraşdırılmış haubitsalar konsepsiyasından irəli gəlir, lakin o, əməliyyatın avtonomluğunu növbəti səviyyəyə qaldırır.

DITA misli görünməmiş atəş tezliyini təklif edir, onun idarə olunması üçün yalnız 2 heyət üzvü – komandir və sürücü tələb olunur. O, atəş mövqeyini tutmaq və tərk etməkdə yüksək sürətə, yüksək dəqiqliyə və əla sərt ərazi keçidinə malik müasir Bort İdarəetmə Sisteminə (Onboard Control System – OCS) malikdir.

2021-ci ilin yanvar ayında DITA proqramı funksional prototipə hazırlıq mərhələsinə çatmış və sonrakı illərdə bir sıra sınaq və sınaqlardan uğurla keçmişdir. Özüyeriyən qurğu ilk dəfə 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 sərgisi zamanı geniş ictimaiyyətə nümayiş etdirilib. Hazırda seriyalı istehsal mərhələsinə qədəm qoyub.

Xarici mətbuatın yazdığına görə, DITA ÖAQ üçün lülələr Slovakiyanın “ZTS Špeciál” dövlət müəssisəsində istehsal olunur.

Təbii ki, ilk növbədə çap dəyişikliyi atəş məsafəsinə təsir etdi. 155 mm-lik DITA ÖAQ 45 çap uzunluğuna malik lülədən istifadə edir. ZUZANA ÖAQ da oxşar lülə uzunluğuna malikdir və təkmilləşdirilmiş ERFB ballistikası olan mərmi ilə 30 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Eyni zamanda, “Excalibur Army” şirkəti DITA ÖAQ üçün 39 km-ə qədər atəş məsafəsini göstərir və çox güman ki, bu aktiv-raket mərmi ilə atış məsafəsidir.

DITA özüyeriyən qurğusu TATRA T815 8×8 şassisində quraşdırılıb. O, yalnız sürücü və komandirin yerləşdiyi tam avtomatlaşdırılmış üst quruluşa malikdir.

Heyətin kabinası STANAG 4569 standartına uyğun olaraq 1-ci səviyyəli (Level 1) mühafizəyə malikdir (7,62×51 mm-lik patron gülləsinə və 100 m məsafədə partlayan 155 mm-lik qəlpəli-fuqas mərminin qəlpələrinə tab gətirə bilir), istilik, kondisioner və filtrasiya sistemi ilə təchiz edilib.

Özüyeriyən qurğu əsas silahları daşıyan tam ölçülü uzaqdan idarə olunan döyüş modulu ilə təchiz olunub. O, gülləkeçirməz və qəlpələrə qarşı zirehli mürəkkəb formalı fırlanan qüllə şəklində hazırlanıb.

Modul uzunluğu 45 çap olan 155 mm-lik yivli lüləli haubitsalı yellənən artilleriya qurğusu ilə təchiz edilib. Haubitsa inkişaf etmiş lüləağzı əyləc, təpmə əleyhinə qurğular və avtomatik doldurucu ilə təchiz olunub.

Modulun konstruksiyası uzununa oxun sağına və soluna 60° üfüqi sektorda atəş açmağa imkan verir. Şaquli tuşlama -3° ilə +70° arasındadır.

Qüllənin döyüş yığımında 40 ayrı doldurumlu atəş yığımı yerləşir. Uzun lülə 39 km məsafədə aktiv-reaktiv mərmiləri və 50 km məsafədə isə uzun mənzilli idarə olunan mərmiləri (Velocity Enhanced Long-range Artillery Projectile – VLAP) atmağa imkan verir.

NATO standartına uyğun olan 45 çap uzunluqlu 155 mm-lik haubitsa müxtəlif atəş rejimlərini, o cümlədən eyni hədəfə eyni vaxtda mərmi seriyası atmaq (Multiple round simultaneous impact) qabiliyyətini dəstəkləyir.

DITA ÖAQ-ın 8×8 təkər formullu TATRA T-815 şassisində quraşdırılmış və maksimal gücü 300 kVt olan Tatra T3C-928-90 mühərriki şossedə 90 km/saat, yolsuzluqda isə 25 km/saat sürətlə hərəkəti təmin edir, maksimal gediş ehtiyatı 600 km-dir. TATRA şassisi əla idarəetmə imkanlarına, ilk növbədə yolsuzluq hərəkətliliyinə və iş şəraitindən (asfaltlanmış yollar – yoldan kənar şərait) asılı olmayaraq daimi faydalı yük qabiliyyətinə malikdir. Avtomobil CTIS ilə R20 14.00 şinləri ilə təchiz edilir.

DITA özüyeriyən artilleriya qurğusu avtomatlaşdırma və yüksək atəş məsafəsi ilə seçilir ki, bunun da sayəsində kontr-batareya mübarizəsində kifayət qədər effektiv silaha çevrilə bilər. O, həmçinin digər özüyeriyən qurğularla birlikdə “artilleriya xüsusi təyinatlıları” kimi çıxış edə bilər.

Qurğunun bütün artilleriya hissəsi tamamilə avtomatlaşdırılıb, mərmilərin ötürülməsi avtomatik olaraq həyata keçirilir, bütün səhvlərlə atəş həllinin hesablanması hədəf koordinatlarının sadəcə daxil edildiyi kompüter tərəfindən həyata keçirilir.

DITA inkişaf etmiş bort elektronika kompleksinə malikdir. Beləliklə, bütün mexanizmlər və aqreqatlar bort idarəetmə sisteminin nəzarəti altında işləyir. Yəni DITA mövqe tutmaq və məhv etmək üçün atəş açmağa tələb olunan vaxt baxımından unikal imkanlara malikdir. Avtomatik doldurucu sayəsində bu özüyeriyən qurğu dəqiqədə 5 atəş olan kifayət qədər yüksək və ən əsası sabit atış tezliyinə malikdir. Yəni cəmi 8 dəqiqə ərzində bütün döyüş dəstini düşmənə ata bilir.

Rəqəmsal atəşi idarəetmə sistemindən başqa, DITA həmçinin döyüş idarəetmə sistemi və avtomatlaşdırılmış sistemlə təchiz edilmişdir ki, bunun da sayəsində sursat seçimi mümkündür və onun lülənin xəzinə hissəsinə ötürülməsi idarə olunur. Atışın sabit tezliyi dəqiqədə 5 atəş olsa da, ilkin tezliyi dəqiqədə 6 mərmi təşkil edir. Atəş tapşırığını yerinə yetirdikdən sonra ÖAQ cəmi 45 saniyə ərzində atəş mövqeyini tərk edir.

Haubitsanın avtomatik tuşlanması və döyüş sursatı növünün seçilməsi üçün nəzərdə tutulmuş alt sistemlər sayəsində ÖAQ-dan döyüş tapşırığını yerinə yetirmək üçün tələb olunan vaxt xeyli azaldılıb. Eyni zamanda, zəruri hallarda, məsələn, fövqəladə vəziyyətdə, silahın əl ilə doldurulması və tuşlanması da mümkündür. Bundan başqa, tuşlama üçün operatorun yerində quraşdırılmış mexaniki panoramadan da istifadə oluna bilər.

Özüyeriyən artilleriya qurğusu kəşfiyyat pilotsuz uçuş aparatlarından hədəf təyinatını alır.

 

Köməkçi bort elektrik generatoru (köməkçi güc qurğusu) sayəsində atəş demək olar ki, fasiləsiz həyata keçirilə bilər. O, həmçinin mühərrik işləmədikdə belə atəş açmağa imkan verir.

DITA ÖAQ kondisioner sistemi, özünü diaqnostika sistemi və kütləvi qırğın silahlarının istifadəsinə qarşı quraşdırılmış müdafiə ilə təchiz olunub.

Eləcə də “Excalibur Army” şirkətinin qeyd etdiyi kimi, DITA ÖAQ öz sələflərindən əla yüksək keçidlik qabiliyyəti ilə fərqlənir.

Qeyd edildiyi kimi, ÖAQ-ın minimal heyəti iki nəfərdən ibarətdir: komandir və sürücü. Onlar gülləkeçirməz / qəlpələrə qarşı zirehlərin mühafizəsi altında olan kabinanın içərisində yerləşirlər. Komandir-tuşlayıcının döyüş modulunun işinə tam nəzarət etmək üçün uzaqdan idarəetmə pultu var. Bundan başqa, qüllənin içərisində lazımi idarəetmə vasitələri olan əlavə tuşlayıcı oturacağı var. Artilleriya hissəsinin idarəetmə panellərindən biri çıxarıla və özüyeriyən qurğunun xaricində istifadə edilə bilər.

DITA ÖAQ-ın əsas taktiki-texniki xüsusiyyətləri:

Ümumi

  • silah növü: 155 mm haubitsa
  • lülənin uzunluğu: 45 çap

Qabarit ölçüləri

  • uzunluğu: 13020 mm
  • hündürlüyü: 3085
  • eni: 3122 mm
  • kütləsi: 29 ton

Maksimal hərəkət sürəti

  • yolsuzluq şəraitində: 25 km/s
  • şossedə: 90 km/s
  • şossedə yanacaq üzrə gediş ehtiyatı: 600 km

Atəş göstəriciləri

  • atış məsafəsi: 39000 m
  • doldurulması: avtomatik
  • atəş tezliyi: 5-6 atəş/dəqiqə
  • daşınan döyüş dəsti: 40 atəş yığımı

Hərəkətlilik

  • mühərrik: TATRA T3C-928-90
  • mühərrikin gücü: 300 kVt

Dəf etdiyi maneələr

  • meyllənmə: 30°
  • statik yan yamac: 15°
  • xəndək keçidi: 470 mm
  • şaquli maneə 2000 mm
  • su maneəsi: 1,2 m

Tuşlama bucaqları

  • şaquli müstəvidə – -3°…70°
  • üfiqi müstəvidə – ± 60°

Tuşlama rejimləri: tam avtomatik / əl ilə / qəza
Atəşin idarə olunması: balistik kompüterlə
Heyəti: 2 nəfər.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS