2022-ci il Azərbaycan Ordusu üçün uğurlu və yaddaqalan oldu – TƏHLİL

2022-ci il Azərbaycan Ordusu üçün uğurlu və yaddaqalan oldu – TƏHLİL

Yerləşdiyimiz çətin geostrateji ərazi, erməni kimi xisləti məlum qonşuyla uzun sərhədə malik olmağımız hərbi qüdrətimizin yüksəlməsini və özünümüdafiə qabiliyyətinin daim artırılmasını vacib şərtə çevirir. Qürur duyulası haldır ki, qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş qüdrətli Azərbaycan Ordusu bu gün ölkəmizin təhlükəsizliyinin qarantı olmaqla, çox müqəddəs vəzifəni yerinə yetirir. Ordumuzun dirçəlməsində, təşkilatlanmasında və hərbi quruculuğumuzun müasir səviyyədə qurulmasında mühüm rola malik Ümummilli Lider Heydər Əliyev hər zaman milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri olan hərbi təhlükəsizliyin artırılmasına xüsusi önəm verirdi. Ulu Öndərin başladığı işləri bu gün uğurla davam etdirən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə ordu quruculuğu sahəsində sistemli və kompleks işlər görülməkdədir. Haqq savaşımızın başa çatmasından iki il ötsə də, dövlət başçısının diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunda hərbi quruculuq işləri yeni mərhələyə yüksəlməkdədir. Belə ki, ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, təminat və təchizat işlərinin modern tələblər çərçivəsində qurulması və dünyanın əsas güc sahibi dövlətləri ilə hərbi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi işləri bu gün seçilmiş mühüm istiqamətlərdəndir.

“Poliqon” xəbər verir ki, artıq 2022-ci ilin son günlərini yaşayırıq və qarşıdan gələn 2023-cü ildə Azərbaycan Ordusunun 105 yaşı tamam olacaq. Gələn ilə doğru irəliləyərkən cari ildə ölkəmizin qüdrətinin yüksəldilməsi fonunda görülən işlərə nəzər salsaq görərik ki, 2022-ci il ordumuz üçün uğurlu və səmərəli keçdi.

Ordu quruculuğu sahəsində aparılan islahatlar müasir dövrün tələblərinə əsaslanır

Çətin sınaqdan üzüağ çıxan və xalqımıza Böyük Qələbəni yaşadan rəşadətli Azərbaycan Ordusunun müasir dövrün tələblərinə uyğun qurulub komplektləşdirilməsi, təcrübəli hərbi kadrlarla təmin edilməsi fonunda uzaqgörən məqsədyönlü işlərə imza atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 5 mart tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində Milli Müdafiə Universiteti, Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu yaradıldı. Xüsusi təyinatlı təhsil müəssisələrinin strukturunda dəyişiklik olundu və nəticədə Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verildi. Adıçəkilən islahatın fundamentində təhsil müəssisələrinin işinin təkmilləşdirilməsi, qarşılıqlı koordinasiyanın təşkili, dünyanın aparıcı ordularının hərbi təhsil sistemindəki qabaqcıl təcrübənin ordumuzda tətbiqi dayanır.

Bu gün Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda hərbi təhsilin mərkəzi olaraq tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri ilə birgə, müvafiq olaraq hərbi mütəxəssislərin, müxtəlif hərbi ixtisaslara əsaslanan tam səviyyəli və əlavə təhsil proqramları ilə təcrübəli kadrların və gənc zabitlərin hazırlanmasında mühüm rol oynayır. Hərbi təhsil sahəsində aparılan islahatlar kadr potensialının inkişafına, ordunun peşəkarlığının artırılmasına mühüm təkan verir.

Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında mühüm yer tutur. Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qısa zaman ərzində görülən böyük işlər nəticəsində rəşadətli ordumuzun idarəetmə sistemində də yeniliklərə imza atıldı. Aparılan islahat nəticəsində müxtəlif qoşun növlərində hərbi fəaliyyətin operativ, dayanıqlı və keyfiyyətli təşkili üçün əlverişli imkan əldə edildi. Quru Qoşunlarının tərkibində Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması artıq hər kəsə məlum həqiqətdir. Hərbi qulluqçularımız həm qardaş ölkədə, həm də ölkəmizdə təcrübəli mütəxəssislər tərəfindən keçirilən Komando kurslarında müvəffəqiyyətlə iştirak edirlər. Bu bölmələr təyinatına uyğun olaraq, suda qarşıya qoyulmuş tapşırıqları icra etməyə qadir çevik, peşəkar və böyük imkanlara sahib olan hərbi kollektivdir. Bu il Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması və açılışda şəxsən Silahlı Qüvvələrimizin Ali Baş Komandanının iştirakı hərbi quruculuq işlərinə olan diqqətin mühüm təzahürü oldu.

Ordu quruculuğu sahəsində aparılan islahatlardan danışarkən, onu da mütləq qeyd etmək lazımdır ki, Xüsusi Təyinatlı Qüvvələr, Hərbi Dəniz Qüvvələri, həmçinin digər qoşun növləri və bölmələrdə ştat strukturunun optimallaşdırılması işinin tənzimlənməsi yönündə cari 2022-ci ildə mühüm işlər görülmüşdür.
Xarici ölkələrlə və dünyanın aparıcı hərbi təşkilatları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan hərbçiləri ötən illərdəki kimi, bu il də müxtəlif kurslar, təlimlər, treninqlərdə iştirak etdi, öz bilik və bacarıqlarını daha da artırdılar.

Azərbaycan Ordusunun artan sarsılmaz qüdrətinin təməlində yüksək döyüş hazırlığı dayanır

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusu üçün böyük təcrübə oldu. Bu gün  hərbi quruculuq fəaliyyətinin uğurla aparılmasının təməlində məhz bu amil dayanır. 2022-ci ilin təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, cari ilin tədris dövründə müxtəlif qoşun növlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində döyüş hazırlığının yüksəldilməsinə yönəlik fəaliyyətlər planı uğurla təşkil olundu. Ordunun qüdrətini artıran amillərdən biri keçirilən təlimlərdir. Ötən illərdə olduğu kimi, cari ildə də rəşadətli Azərbaycan Ordusunda təlimlər zamanı müxtəlif qoşun növlərinin və bölmələrin (HHQ, HDQ, xüsusi təyinatlılar, raket artilleriya, mühəndis bölmələri və s.) şəxsi heyəti arasında qarşılıqlı fəaliyyətin düzgün təşkili, arsenalda olan müasir silahların və döyüş texnikalarının tətbiq imkanlarının dərindən mənimsənilməsi bacarıqları sınaqdan keçirildi. Döyüş hazırlığının günün müxtəlif saatlarına, müxtəlif şərt və şəraitlərə (ərazinin relyefi, iqlim şəraiti) uyğun mənimsənilməsinə yönəlik keçirilən təlimlərdə iştirak edən hərbi qulluqçular öz bilik və bacarıqlarını artırdılar.

Müharibə başa çatsa da, ordumuzun müasir tələblərə cavab verməsi, ordu strukturunun modern standartlar çərçivəsində qurulması fonunda mühüm işlər görüldü. Bu işdə qardaş, dost və müttəfiq ölkələrlə əməkdaşlığımız və keçirilən birgə təlimlər əhəmiyyətli rol oynadı. Belə ki, dünyanın güc mərkəzlərindən olan Türkiyə, Pakistan və digər ölkələrin iştirakı ilə müxtəlif tərəfli təlimlər, kurslar və toplanışlar təşkil olundu ki, adiçəkilən tədbirlərdə iştirak edən hərbi qulluqçularımız digər iştirakçı ölkələrin ordu nəfərləri ilə birlikdə qarşılıqlı təcrübə mübadiləsi apardı, keçirilən nəzəri və praktiki məşğələləri dərindən mənimsəyərək öz hərbi biliklərini daha da möhkəmləndirdilər. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması və müdafiə qabiliyyətinin yüksəldilməsi dövlət başçısının ordu rəhbərliyi qarşısında qoyduğu mühüm tapşırıqlardandır ki, 2022-ci ildə bu məsələlər hərbi sistemdə prioritet olaraq nəzarətdə saxlanıldı. Keçirilən təlimlərin, məşğələlərin, qəfil yoxlamaların əsas məqsədi müasir dövrün tələbləri əsasında müxtəlif qoşun növü bölmələrinin koordinasiya halında döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsi, komandir heyətinin faktiki şəraiti qiymətləndirmə və operativ qərar qəbuletmə bacarıqlarının artırılmasıdır.

2022-ci ildə təcrübəli hərbi qulluqçularımız “Eternity-2022”, “EFES-2022”, “Anatolian Phoenix-2022”, “Texnofest Azərbaycan-2022”, “Anadolu Qartalı-2022”, “Beynəlxalq Ordu Oyunları-2022”, “TurAz Qartalı-2022”, “Qafqaz Qartalı-2022”, “Qardaş yumruğu” beynəlxalq təlim və yarışlarında iştirak etdilər, yüksək nəticə göstərdilər. Müxtəlif ölkələrdə keçirilən tədbirlərlə yanaşı, ölkəmiz də bir sıra mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu cür təlim və yarışlarda iştirak etmək qarşılıqlı təcrübə mübadiləsi, hərbi bilik və bacarıqların daha dərindən mənimsənilməsində çox böyük rola malikdir.

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatlar, “Qisas” əməliyyatı və 12-14 sentyabr hadisələri düşmən üçün yeni bir dərs oldu

2022-ci ildə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimiz tez-tez atəşə tutuldu. Bölmələrimizin ayıq-sayıqlığı və təxirəsalınmaz qabaqlayıcı tədbirləri sayəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Avqustun 3-də mənfur qonşularımız tərəfindən ölkə ərazimizdə yeni bir terror təxribat əməli törədildi və nəticədə hərbi qulluqçumuz əsgər Anar Kazımov şəhadətə yüksəldi. Azərbaycan Ordusunun həmin ərazidəki bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü. Eləcə də qarşı tərəfdən təhlükə gələ biləcək nöqtələrə ordumuz tərəfindən hava zərbələri endirildi.
Cari ilin sentyabrın 12-də gecə saatlarından başlayaraq erməni silahlı qüvvələri yerləşdiyi mövqelərdən Azərbaycan Respublikasının Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribata əl atdılar.

Ermənistan silahlı birləşmələri və qanunsuz erməni dəstələri istifadə etdiyi müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin mövqelərini, sığınacaqlarını və dayaq məntəqələrini atəşə tutdular. Məkrli niyyətin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Təəssüf ki, təxribatlar nəticəsində şəhidlərimiz oldu. Lakin qisas daha sarsıdıcı oldu. Bölmələrimiz düşmənin çirkin niyyətinin qarşısını rəşadətlə aldı və düşmən qısa vaxt ərzində böyük itkilər verdi, hərbi infrastrukturları, texnikaları ordumuz tərəfindən darmadağın edildi.
2022-ci ildə dövlətimizin atdığı qətiyyətli addımlar sayəsində bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərində üçrəngli şanlı bayrağımız dalğalanır. Hər kəs bilsin ki, düşmənlə təmas bölgələrində döyüş növbətçiliyi Azərbaycan əsgəri tərəfindən yüksək səviyyədə təşkil olunur və torpaqlarımızın bütövlüyü layiqincə qorunur.

Vətənpərvərlik hissinin aşılanması və mənəvi-psixoloji hazırlığın yüksəlməsinə yönəlik işlər bu il də uğurla aparıldı

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqı artıq dünyada qalib, həmrəy və qəhrəman xalq olaraq tanınır. Buna görə də öz əsgərinə hər zaman yüksək etimad bəsləyir, şəhidini hər zaman uca tutur. Ölkə ərazisində qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə saysız-hesabsız işlər görülür ki, bu məsələnin aktuallığı ordumuzda da qorunub saxlanılır. Belə ki, 2022-ci il üçün təsdiq olunmuş fəaliyyətlər planına əsasən, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş oğullarımızın ruhlarına ehtiram məqsədilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi, şəhid ailələrinə baş çəkildi, məzarları ziyarət olundu. Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbədən, qəhrəman şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri şücaətdən danışıldı, Vətən sevgisi mövzusunda videoçarxlar və mahnılar gənclərimizə təqdim olundu. Bundan başqa, ölkəmizin dövlət bayramları və əlamətdar günlərində ordu sıralarında xidmət edən gənclərimizin milli-mənlik şüurunun inkişafı, vətənpərvərlik hissinin yüksəldilməsi və ümumi döyüş ruhunun artırılması məqsədilə tədbirlər, ekskursiyalar, görüşlər keçirildi. Həmçinin ordu sıralarında xidmət edən əsgərlərlə tərbiyəvi işin planlı şəkildə aparılması, hərbi intizamın möhkəmləndirilməsi, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi məqsədilə ordu rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlar uğurla yerinə yetirildi. Bu işin tərkib hissələrindən biri olan ictimai-siyasi hazırlıq məşğələlərində dərs rəhbərləri şəxsi heyətə milli tariximiz, ordumuzun yaranması və inkişaf mərhələləri, qəhrəman oğullarımızın həyatı, hərbi nizamnamələrimiz və digər mövzularda məlumatlar öyrədildi. Görülən tədbirlər nəticəsində əsgərdə Vətənə məhəbbət, xalqa sədaqət, düşmənə nifrət hissləri aşılandı ki, bu da döyüş ruhunun mühüm tərkib hissələrindəndir. Bu gün tam əminliklə deyə bilirik ki, Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı, sağlam mənəvi-psixoloji vəziyyəti, ruh yüksəkliyi, özünəinam və vətənpərvərlik hissi daim qorunub saxlanılır.

Xarici ölkələrlə hərbi əməkdaşlığımız qarşılıqlı inam və inkişaf üzərində qurulur

Ölkədə olduğu kimi, orduda da əlaqələr müxtəlif təyinatlı və tərəfli olur. Müdafiə Nazirliyinin aidiyyəti qurumları beynəlxalq əməkdaşlıq edərkən Hərbi Doktrinanı və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası”nı əsas götürərək, qarşılıqlı fəaliyyətin əsas prinsip, istiqamət, həyata keçirilmə mexanizmlərini və inkişaf perspektivlərini müəyyənləşdirir. Məlumdur ki, hərbi əməkdaşlığın məqsəd və istiqamətlərində Azərbaycan Respublikasının milli maraqları əsas götürülür. Hər il olduğu kimi, bu il də müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Nazirliyin digər rəhbər heyəti hərbi əməkdaşlıq çərçivəsində bir sıra mühüm görüşlər keçirdilər və xarici ölkələrdə səfərdə oldular. Məlumdur ki, Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyədir. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibət yeni dövrünə qədəm qoydu. Hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə istər Azərbaycanda, istərsə də Türkiyədə keçirilən müxtəlif təyinatlı təlimlər qardaşlığımızın təsdiqidir. Cari ilin son günlərində keçirilən “Qardaş yumruğu” təliminin yüksək səviyyədə təşkili dünyada analoqu olmayan bir qardaşlığın, müttəfiqliyin simvolu oldu. “Bir millət, iki dövlət, tək ordu” devizi altında keçirilən təlim uzun illər yaddaşlarda yaşayacaq və bu təlim gələcək uğurlarımızın müjdəçisi olacaq. Hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiq səviyyəsinə qaldırılması sayəsində regionda sülhün təmin olunması, sabitlik və təhlükəsizliyin qorunması yolunda mühüm mərhələyə qədəm qoyuldu. Və bu gün bütün dünya görür ki, bu qardaşlıq sarsılmazdır, əbədidir.
Həmçinin ölkəmizin hərbi sahədəki mühüm tərəfdaşlarından biri Pakistan İslam Respublikasıdır ki, qarşılıqlı səfərlər çərçivəsində isti qarşılanma və qonaqpərvər münasibət bu əlaqələrin qarşılıqlı səmimiyyət və inam üzərində qurulduğunun təsdiqidir. Həmçinin Pakistan hər zaman ölkəmizi dəstəklədiyini və Azərbaycanın yanında olduğunu bəyan edir.

Respublikamız NATO və onun tərkibindəki ölkələrin müəyyən qismi ilə də sıx əməkdaşlığa malikdir. İnnovativ tələblərin yüksək olduğu dövrdə NATO kimi böyük hərbi təşkilatla əlaqələrin inkişaf etdirilməsi hərbi potensialımızın güclənməsinə və ordu quruculuğunun beynəlxalq standartlara uyğun aparılmasına mühüm təkan verən amillərdəndir. Belə ki, imzalanmış müvafiq proqramlar çərçivəsində hərbi qulluqçularımız həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda keçirilən kurs, təlim-məşq toplanışlarında iştirak edirlər ki, bu da hərbi əməkdaşlığın mühüm tərkib hissələrindəndir.

Müasir tələblər çərçivəsində maddi-texniki təminat və təchizat

2022-ci ildə Azərbaycan Ordusunun kəmiyyət və keyfiyyət baxımından balanslaşdırılması, döyüş və özünümüdafiə qabiliyyətinin artırılması, maddi-texniki bazasının müasir tələblərdə qurulması və hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sistemli şəkildə işlər aparıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü. Qısa vaxt ərzində Füzuli, Ağdam, Kəlbəcər, Laçın, Suqovuşan, Zəngilan, Qubadlı, Cəbrayıl ərazilərində yeni inşa edilən və əsaslı təmir olunan hərbi obyektlərin açılışları oldu. Yeni istifadəyə verilən hərbi infrastrukturlarda şəxsi heyətin xidmətini düzgün təşkil etməsi üçün münbit şərait yaradıldı. Əsasən çətin iqlim və relyef şəraitinə malik ərazilərdə şəxsi heyətin gündəlik fəaliyyətinin təşkili üçün fasiləsiz su, istilik və işıq enerjisi  ilə təmin olunmuş modul tipli yerləşmə məntəqələri istifadəyə verildi. Dövlət başçısının və ordu rəhbərliyinin hərbi hissələri ziyarət etməsi, şəxsi heyətlə görüşməsi hərbçilərin ruh yüksəkliyinə müstəsna təsir etdi və ordu quruculuğunun dövlət səviyyəsində prioritet olmasını təsdiqlədi.

Məlumdur ki, Azərbaycan Ordusunun 44 günlük savaşda sərgilədiyi döyüş təcrübəsi bu gün dünyanın hərbi elmi mərkəzlərində analiz edilir. Belə ki, müasir dövrdə innovativ döyüş imkanlarının uğurlu tətbiqi dövlət rəhbərliyinin uğurla həyata keçirdiyi hərb strategiyasının səmərəliliyinin nəticəsi idi. Hərbi qüdrətimizin artırılması məqsədilə 2022-ci ildə də dünyanın aparıcı ordularına malik ölkələri ilə qurulan əməkdaşlıqlar çərçivəsində arsenalımıza müasir texnika və silahların alınması işləri uğurla aparıldı. O cümlədən, ölkəmizdə istehsal olunan hərbi təyinatlı məhsullar da ölkənin ordu potensialını gücləndirdi. Arsenalımıza daxil edilən yeni silah və texnikalar sayəsində xüsusi təyinatlılarımızın, hərbi dənizçilərimizin, hərbi pilotlarımızın, hava hücumundan müdafiə bölmələrimizin, artilleriyaçılarımızın, mühəndis istehkamçılarımızın, rabitəçilərimizin təchizatı bu gün dünyanın aparıcı ordularından heç də geri qalmır.

Güclü dövlətin əsas göstəricisi onun güclü ordusudur. 44 günlük haqq savaşından qalib çıxan rəşadətli Azərbaycan Ordusunun inkişafı və müasir standartlara cavab verən maddi-texniki bazaya sahib olması bu gün dövlət rəhbərliyinin seçdiyi prioritet istiqamətlərdir. Cari ildə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu quruculuğu sahəsində uzaqgörən və uğurlu addımlar atıldı və bu proses dayanmadan mərhələli şəkildə davam etdirilir.

Fuad CƏFƏROV “Azərbaycan Ordusu”

CATEGORIES
TAGS