2023-cü ildə Türkiyə müdafiə sənayesində həyata keçiriləcək yeniliklər – SİYAHI

2023-cü ildə Türkiyə müdafiə sənayesində həyata keçiriləcək yeniliklər – SİYAHI

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) 2023-cü il ərzində müdafiə sənayesi sahəsində həyata keçiriləcək yeniliklər ilə bağlı siyahı yayımlayıb.

“Poliqon” SSB-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniliklər arasında hava, quru və dəniz platformaları yer alır.

Hava platformalarındakı ilklərə baxdıqda həm reaktiv mühərrikli “Hürjet” təlim təyyarəsinin sınaq prototipi, həm də TCG “Anadolu” amfibiya hücum gəmisində xidmət göstərəcək “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu reallaşdıracaq.

Habelə, Türkiyə Jandarma Baş Komandanlığına GÖKBEY helikopterlərinin və Hərbi Hava Qüvvələrinə “Özgür” layihəsi əsasında modernləşdirilən F-16 döyüş təyyarələrinin ilk partiyası təhvil veriləcək, eyni zamanda “Meltem-3” layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin istifadəsinə təqdim ediləcək.

Dəniz platformalarına gəldikdə burada “İstif” (“İ”) sinfinə aid “İstanbul” adlı freqat, TCG “Anadolu” amfibiya hücum və “Derya” təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan “Piri Reis” Türkiyə HDQ-nin silahlanmasında aktiv şəkildə xidmət göstərməyə başlayacaq.

Quru vasitələrində isə zirehli amfibiya hücum maşını ZAHA-nın, yerli mühərriklə təchiz edilən “Vuran” nəqliyyat vasitəsinin, 8×8 təkər formullu evakuatorların və “Amazon” zirehli avtomobillərinin ilk partiyası Silahlı Qüvvələrə təhvil veriləcək. Həmçinin embarqolar ilə üzləşməsindən ötrü xaricdən alınan bəzi alt sistemləri milliləşdirilən “Altay” tankının ilk seriyalı istehsalı tamamlanacaq.

Bunlara əlavə olaraq “Şimşək” hədəf dronunun süzən sursat konfiqurasiyasının, uzun mənzilli “Siper” hava hücumundan müdafiə (HHM) sisteminin, “hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketlərinin, habelə KARAOK tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də “Gökdeniz” yaxın məsafəli HHM sisteminin Türkiyə HDQ-nin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun seriyalı istehsalına başlanacaq.

ASELSAN şirkətinin istehsal etdiyi AESA radarı ilk dəfə “Akıncı” PUA və “Özgür” layihəsi ilə modernləşdirilən F-16 döyüş təyyarələrinə quraşdırılacaq. ERALP erkən xəbərdarlıq radarı və MERT daşınabilən elektron müharibə sisteminin də ilk partiyası istifadəçiyə təhvil veriləcək.

Son olaraq Türkiyə HHQ-nin F-16 döyüş təyyarələri yerli elektron müharibə podu və elektron dəstək podu ilə təchiz ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS