2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinin azad edilməsinin təfərrüatı – FOTOLAR

2269 metr hündürlükdə yerləşən Bartaz yüksəkliyinin azad edilməsinin təfərrüatı – FOTOLAR

Zəngilan şəhəri işğaldan azad edildikdən sonra, Dövlət Sərhəd Xidmətinin bölmələrinin növbəti tapşırıqları Zəngilan rayonunun ətraf ərazilərinin, o cümlədən ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksəkliklərin azad edilməsi idi. Nə xoş ki, ərazidə əsas strateji əhəmiyyətə malik olan Bartaz və Şükrataz yüksəkliklərin azad edilməsi tapşırıqları mənim qrupuma verildi.

Bu fikirləri “Poliqon”nun Zəngilan rayonuna ezam olunan əməkdaşına açıqlamasında DSX-nin polkovnik-leytenantı Mahmud Şükürov söyləyib.

Düşmənin yolları tamamilə minalaması döyüş əzmimizi qıra bilmədi

MRS1021M.Şükürovun sözlərinə görə, döyüş tapşırığını aldıqdan sonra, Bartaz dayanacağı adlanan əraziyə qədər texnikalarla hərəkət ediblər: “Burdan sonra, düşmən tərəfindən müşahidə olunurduq, buna görə də piyadalanaraq qrupun irəliləmə taktikasına müvafiq olaraq hərəkətə başladıq. Yol boyu düşmənin bir çox maneələri ilə rastlaşdıq. Düşmən yolları tamamilə minalamışdı. Buna baxmayaraq bu bizim döyüş əzmimizi qıra bilmədi və biz onlardan manevr üsulları taparaq silsiləyə doğru yaxınlaşdıq.

Yaxınlaşdıqda burada düşmənin çoxlu sayda canlı qüvvəsinin, o cümlədən iriçaplı silahlarla təchiz edilmiş heyətin mövqeləndiyini gördük. Bir daha qrupun döyüş taktikasına müvafiq olaraq onların hansı sayda say tərkibinə, hansı silahlardan atəş etdiyini müəyyənləşdirmək üçün onlarla bir kontrol atışı etdik. Ondan sonra əməliyyatı bir daha planlaşdıraraq hücum əməliyyatına başladıq”.

Polkovnik-leytenant vurğulayıb ki, ərazinin əlverişli xüsusiyyətlərindən – əsasən maskalanmaq xüsusiyyətlərindən istifadə edərək mümkün qədər qayalıq ərazilərdən silsiləyə, zirvəyə doğru yaxınlaşmağa başlayıblar. Belə bir hiylə taktikası işlədərək düşmənin əsas qüvvələrini zirvənin sağ cinahına çəkiblər.

“Gördüyünüz bu arxa tərəfdən, qayalıq istiqamətindən bizim hücum qrupumuz maksimum dərəcədə düşmənə yaxınlaşdı. Atəş qrupumuzu ərazidə yerləşdirməklə düşmənə aldadıcı atışlar etdik. Düşmən əsas fikrini o istiqamətə cəmlədi və mümkün qədər düşmənə yaxınlaşdıq. Onların gözləmədiyi bir yerdən sürətli və dəqiq atışlarla gördüyünüz bu ərazilərdə mövqelənmiş düşməni məhv etdik, bizə verilmiş tapşırığı uğurla yerinə yetirdik”, – deyə polkovnik-leytenant M.Şükürov bildirib.

M.Şükürov qeyd edib ki, tapşırıq icra olunduqdan sonra, dərhal ərazi xüsusiyyətlərindən istifadə edərək həmin yüksəklikdə mühafizə və müdafiəni təşkil ediblər.

“Bir məqamıda vurğulamaq istəyirəm ki, tapşırığın icrasından sonra, rabitə vasitəsi ilə komanda qərargaha bu barədə məruzə etdim və mənim heyətimə rəhbərlik tərəfindən təşəkkür, mənə mayor hərbi rütbəsi verildi”, – deyə M.Şükürov vurğulayıb.

Bartaz yüksəkliyinə hərəkət edən bütün avtomobil texnikası düşmən atəşinə məruz qalırdı

MRS1030DSX-nin hərbçisi, polkovnik-leytenant Elvin Rzayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir Yumruq” hərbi əməliyyatının iştirakçısı olaraq Zəngilan rayonunun 2269 metr hündürlükdə olan Bartaz yüksəkliyinin ələ keçirilməsi üçün tapşırıq aldıqlarını bildirib.

“Bartaz qəsəbəsindən bir bölüyə qədər şəxsi heyətlə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin hərbi qulluqçuları ilə birlikdə Bartaz yüksəkliyi istiqamətində hərəkətə keçdik. Təbii ki, xüsusi təyinatlılarla Bartaz yüksəkliyi ələ keçirildikdən sonra düşmən Bartaz yüksəkliyindən geri çəkilərək, hal-hazırda bizim olduğumuz silsiləyə yanaşdı və bu silsilədən hansı ki, Bartaz yüksəkliyinə gələn əlaqə yollarını tam müşahidə altında saxlayırdılar. Heç bir avtomobil texnikası Bartaz yüksəkliyinə hərəkət edə bilmirdi, düşmənin atəşinə məruz qalırdı. Belə olduqda, düşməni hal-hazırda olduğumuz silsilədən geri çəkilməyə məcbur etmək və bu yüksəkliyi ələ keçirmək üçün göstəriş verildi.

Qrup rəhbəri olaraq 20 nəfər heyətlə hərəkət edərək ilk öncə vizual müşahidələr aparmaqla düşmənin say tərkibi, qüvvəsini müəyyən etdik. Sonra, səhər saat 06:00 radələrində əməliyyata başladıq və yüksəkliyin ələ keçirilməsi müsbət nəticələndi. Təbii ki, düşmən bu silsiləni tərk edərkən silah və sursatını, hətta bir UAZ markalı avtomobil texnikasını da burada tərk edərək bu silsilədən geri çəkilmək məcburiyyətində qaldı”, – deyə polkovnik-leytenant E.Rzayev vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin bölmələrinin sonraki tapşırığı silsilədə mövqelənmək və düşməni tam müşahidə altında saxlamaq və mövqeyi düşmənə verməmək olub. Buna uyğun olaraq sərhədçilər mövqelənərək burada xidməti təşkil ediblər. Hazırda Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizə və müdafiəsi təmin edilir.

Media nümayəndələrinin Bartaz yüksəkliyinə səfəri çərçivəsində DSX-nin Çevik Hərəkət Dəstəsinin hərbi qulluqçuları bu yüksəkliyin düşmən işğalından azad edilməsi əməliyyatını imitasiya etdilər. 2269 metr hündürlükdəki yüksəkliyə Azərbaycan bayrağı sancıldı, “Qarabağ Azərbaycandır!” sədaları göy üzünə ucaldı.

DSX tərəfindən Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan səfər çərivəsində Vətən müharibəsində döyüş əməliyyatlarından bir çox maraqlı məlumatların əldə edilməsi ilə yadda qaldı. Şərəfli döyüş yolu keçmiş hərbçilərimizin müharibənin getdiyi ərazilərdən bölüşdükləri xatirələrini POLİQON jurnalının yeni sayında tam formada təqdim edəcəyik.

CATEGORIES
TAGS