2S43 “Malva” ÖAQ-larının ilk partiyası Rusiya Ordusuna təhvil verilib

2S43 “Malva” ÖAQ-larının ilk partiyası Rusiya Ordusuna təhvil verilib

“Rostex” Dövlət Korporasiyası 2S43 “Malva” özüyeriyən artilleriya qurğularının (ÖAQ) ilk partiyasını Rusiya Ordusuna təhvil verib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

152 mm-lik özüyeriyən artilleriya qurğusu olan 2S43 “Malva” düşmənin canlı qüvvəsini, komanda məntəqələrini, müdafiə strukturlarını, hava hücumundan müdafiə sistemlərini, artilleriya, raket və minaatan batareyalarını məhv etmək üçün nəzərdə tutulub. Özüyüriyən artilleriya qurğusu 24 km-dən çox atəş məsafəsinə, dəqiqə ərzində 7 mərmi atmaq bacarığına, 30 ədəd mərmi tutumuna və beş nəfər ekipaja sahibdir.

2S43 “Malva” 8×8 təkər formullu BAZ şassisi əsasında yaradılıb ki, bu da ona tırtıllı şassiyə malik ÖAQ-lardan fərqli olaraq daha yaxşı manevr qabiliyyəti, aşağı istismar xərci və uzun texniki ömür qazandırıb. Tam dolu yanacaq çəni ilə 1100 kilometr məsafə qət edə bilən “Malva”nı dizel mühərriki hərəkətə gətirir. Həmçinin 2S43 “Malva”nı İl-76 nəqliyyat təyyarəsinə yükləyərək uzun məsafələrə sürətli şəkildə çatdırmaq da mümkündür.

Qeyd edək ki, “Rostex” Dövlət Korporasiyası tərəfindən inkişaf etdirilən 2S43 “Malva” özüyeriyən artilleriya qurğusunun dövlət sınaqları cari ilin iyul ayında başa çatdırılıb.

CATEGORIES
TAGS