STM-in inkişaf etdirdiyi GEMED-in qəbul sınaqları tamamlanıb

STM-in inkişaf etdirdiyi GEMED-in qəbul sınaqları tamamlanıb

TÜBİTAK SAVTAG 1007 proqramı çərçivəsində Türkiyənin STM şirkəti tərəfindən hazırlanan GEMED (Gemi Muharebe ve Etkinlik Değerlendirme Modeli) layihəsinin qəbul sınaqları tamamlanıb.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, 5 ildən artıq müddət ərzində inkişaf etdirilən GEMED layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) analiz, təchizat, sistem və taktiki imkanlarını gücləndirəcək.

Layihə ilə bağlı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, simulyasiya və qərar dəstəyi həllərində əhəmiyyətli təcrübəyə malikdirlər: “Simulyasiyaya əsaslanan qərar dəstəyi həlli olaraq inkişaf etdirdiyimiz GEMED ilə Hərbi Dəniz Qüvvələrimizin döyüş platformalarının döyüş effektivliyi qiymətləndiriləcək, taktikaların hazırlanmasında, dizayn və satınalma qərarlarında qüvvələrimizə dəstək veriləcək.

GEMED layihəsi çərçivəsində 100-ə yaxın döyüş elementi və alt sistemlərin  modellərini hazırladıq. GEMED-in platforma, sensor, silah və qarşı tədbir modelləri sayəsində suüstü, sualtı və hava əməliyyatları üçün effektiv analizlər həyata keçirilə biləcək. Beləliklə, döyüş ssenarilərinin təhlili əməliyyat meydanından əvvəl simulyasiya mühitində dəfələrlə təkrarlana biləcək. GEMED sayəsində Hərbi Dəniz Qüvvələrimiz döyüş hazırlığı səviyyəsini maksimum səviyyəyə yüksəldəcək”.

STM şirkətinin qeyd etdiyinə görə, GEMED ilə yaradılan simulyasiya mühitində dəniz, hava və sualtı əməliyyatlar üçün 40-dan çox missiya tətbiqi həyata keçirilib.

GEMED ilə həyata keçirilən simulyasiya zamanı istifadəçi müvafiq platforma modellərinə müxtəlif tapşırıqlar təyin edə və tapşırıqlar arası şərti keçidlər vasitəsilə missiya planı yarada bilər. Yaradılan ssenarilərdə istifadəçi müxtəlif platforma sistem konfiqurasiyaları, qərar mexanizmləri və davranışlar üçün fərqli ətraf mühit şəraitində eksperimental dizaynla xeyli variantlar həyata keçirə və simulyasiya nəticələrini çox kriteriyalı qərar vermə üsulları ilə təhlil edə bilər.

CATEGORIES
TAGS