ANAMA minatəmizləmə əməliyyatlarında müxtəlif ölkələrin təcrübəsindən istifadə edir
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə mübarizə tədbirlərinin həyata keçirilməsində səmərəlilik və effektivliyə nail olmaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə edir.
“Poliqon” xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq texniki konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanın hər zaman mina terroru ilə mübarizə apardığına diqqət çəkən R.Əzizov Bakıda keçirilən beynəlxalq texniki konfransın əhəmiyyətindən danışıb: “Bugünkü tədbir ANAMA-nın mina təhlükəsilə mübarizə seriyasının növbəti tədbirlərindən biridir. Tədbirdə mina təhlükəsi ilə üzləşmiş müxtəlif ölkələrin nümayəndələri iştirak edirlər. Sözsüz ki, ölkəmiz Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə mübarizə tədbirlərini həyata keçirir. Bu tədbirlərin həyata keçirilməsində səmərəlilik və effektivliyə nail olmaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə edirik və bu, bizim üçün faydalıdır. Bu baxımdan da gördüyünüz auditoriyada yeniliklər və texnologiyaların müzakirəsi həyata keçirildi.
Bu, bizim işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarının sürətinin artırılması, effektivliyin əldə olunması, çətin relyef şəraitində əməliyyatların davam etdirilməsi üçün digər ölkələrlə qarşılıqlı fikir mübadiləsi baxımından olduqca önəmlidir. Hesab edirik ki, bu tipli tədbirlərin həyata keçirilməsinin davamlı olması həm mina təhlükəsi ilə mübarizə sahəsində, həm ondan sonra aparılan bərpa və yenidənqurma fəaliyyətinin təhlükəsiz yerinə yetirilməsində, həm də monitorinq və keyfiyyətə nəzarət baxımından da olduqca önəmlidir”.
ANAMA-nın işğaldan azad edilən ərazilərə ilk daxil olan qurumlardan biri olduğunu xatırladan Ramil Əzizov həmin ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı məlumat verib.
“Minalarla çirklənmiş və mina terroru ilə üzləşmiş ərazilərdə müəyyən koridorların açılması və bu koridorların açılması sayəsində sosial infrastruktur işlərinin yerinə yetirilməsi ilkin prioritetlərdən birinə çevrilmişdir. Bu gün artıq bizim vətəndaşlarımız təhlükəsiz qaydada doğma yurdlarına geri dönüş edirlər. ANAMA bu istiqamətdə digər sosial infrastruktur layihələri həyata keçirən qurumlarla birlikdə işləyir. O cümlədən müxtəlif dövlət qurumları da insanlarımızın həmin ərazilərdə təhlükəsiz, rahat, bütün şəraitlə təchiz olunmuş səviyyədə yaşaması üçün əllərindən gələni edirlər”, – deyə Ramil Əzizov vurğulayıb.
ANAMA-nın Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi insanları bir daha mina ilə çirklənmiş ərazilərə daxil olmamağa çağırıb: “Fürsətdən istifadə edib insanlarımıza bir daha çağırış etmək istərdik ki, həmin ərazilərdə mina təhlükəsi bitməmişdir və düşmən təkcə əvvəllər təmas xətti deyilən ərazilərdə deyil, ondan kənarlarda da mina təhdidləri törətmişdir. Bu baxımdan da hamımız diqqətli olmalıyıq, təhlükəli ərazilərə səfərlər etməməliyik. Bu istiqamətdə vətəndaş məsuliyyəti hiss etməliyik. Dövlət, vətəndaş cəmiyyəti, qurumlar, media sözügedən istiqamətdə əlindən gələni etməlidir ki, maksimum dərəcədə bu insidentlərin sayını azalda bilək”.