Almaniya Ukraynaya zirehli texnikalar göndərib

Almaniya Ukraynaya zirehli texnikalar göndərib

Almaniya Ukraynaya “Leopard” tankının bazasına əsaslanan müxtəlif zirehli maşınların daxil olduğu yeni hərbi yardım partiyası verib.

“Poliqon” Almaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, yeni müdafiə yardım paketinə atəş yığımları, pilotsuz uçuş aparatları (PUA), nəqliyyat vasitələri və piyada silahları da daxildir.

Yardım paketindəki texnikalar arasında Danimarka ilə birgə layihə çərçivəsində təhvil verilən 10 ədəd “Leopard 1A5DK” tankı da var.

Qeyd olunub ki, Danimarka “Flensburger Fahrzeugbau Gesellschaft” (FFG) şirkətindən “Leopard 1A5DK” tanklarını geri alıb. Almaniyanın FFG şirkəti 2010-cu ildə xüsusi maşınlara çevirmək və sonrakı satış üçün Danimarkadan 100 ədəd “Leopard 1A5” tankını alıb.

Yeni yardıma həmçinin “Leopard” tankları bazasında yaradılmış mühəndis texnikaları da daxildir.

Xatırladaq ki, Ukrayna Almaniyadan daha 1 ədəd “BIBER” körpüqurucusu alıb. Bu mühəndis döyüş maşını “Leopard 1” tankının şassisi bazasında hazırlanıb. O, silahlı qüllə əvəzinə körpüquraşdırma sistemi ilə təchiz edilib.

Almaniyadan 1 ədəd “Pionierpanzer Dachs” mühəndis maşını verilib. Bu xüsusi texnika həm də “Porsuq” adlanır. O, tanınmış “Leopard 1” tankı bazasında olmaqla Almaniya Ordusunda köməkçi mühəndis maşını kimi istifadə olunur. “Pionierpanzer Dachs” hidravlik ekskavator çalovu və güclü buldozer bıçağı ilə təchiz edilib.

Bunlardan başqa, 1 ədəd “Bergepanzer 2” zirehli təmir -təxliyyə maşını da təhvil verilib. Bu zirehli maşın da “Leopard 1” tankı bazasında yaradılıb. “Bergepanzer 2” maşınının əsas təyinatı zirehli bölmələrin hərəkətliliyini təmin etmək, zədələnmiş texnikaları təxliyə etmək, döyüş maşınlarının mühərrik və transmissiya bölməsinin və/və ya qülləsinin dəyişdirilməsinə və ya təmirinə kömək etməkdir. Maşın, istifadəsində “Leopard” tankları olan ölkələrin ordularında ordunun arxa cəbhə bölmələri və zirehli piyada taborları tərəfindən istifadə olunur.

Həmçinin Ukraynaya 4 ədəd “Wisent 1” zirehli mühəndis dəstək maşını da göndərilib. “Wisent 1” Armoured Recovery Vehicle 2000 və ya ARV 2000 kimi tanınan maşın əsasında yaradılıb. Mahiyyətcə, əsasən qülləsi çıxarılan “Leopard 1” əsas döyüş tankının dəyişdirilmiş gövdəsinə əsaslanaraq, o, rolundan asılı olaraq müxtəlif sistemləri özündə yerləşdirə bilər. Bundan başqa, “Wisent 1” qoşunların təmizlənmiş sahələrdən təhlükəsiz keçməsinə imkan verən zolaq işarələmə sistemi ilə təchiz olunub.

Ümumilikdə, “Leopard 1A5” Almaniyanın “Krauss-Maffei Wegmann GmbH & Co KG” şirkəti tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Tank 1225 ədəd “Leopard A1A1” tankının modernləşdirilməsinin nəticəsidir. “Leopard 1A5” tankında “Leopard 2” tankı üçün yaradılmış EMES 15 əsasında yeni EMES 18 atəşi idarəetmə sistemi quraşdırılıb, komandirin TRP-1A nişangahı və ehtiyat TZF-1A nişangahı saxlanılıb.

“Leopard 1A5” tankı 1965-1986-cı illərdə istehsal olunub, əksəriyyəti Aİ və NATO ölkələri olan bir çox ölkənin ordusunda hələ də silahlanmadadır.

Yuxarıda sadalanan texnikalarla yanaşı, Ukraynaya ayrılan ən son yardım paketinə növbəti hərbi-texniki əmlaklar da daxildir:

  • 3 ədəd HIMARS yaylım atəşi reaktiv sistem;
  • “Leopard 2” tankı, “Marder” piyadanın döyüş maşınl və “Dachs” mühəndis maşını üçün 20 ədəd 7,62×51 mm-lik MG3 pulemyotu;
  • 8500 dəst 155 mm-lik atəş yığımı;
  • 20 ədəd “Vector” kəşfiyyat PUA-sı ehtiyat hissələri ilə birlikdə ;
  • 34 ədəd RQ-35 “Heidrun” kəşfiyyat PUA-sı;
  • 2 ədəd mina əleyhinə kotan;
  • 16 ədəd “Zetros” yanacaq avtoçəni;
  • 400 ədəd LED lampalar;
  • 530 ədəd MK556 hücum tüfəngi;
  • 80 ədəd HLR338 tüfəngi və onun üçün 60000 ədəd patron;
  • 111 ədəd CR308 tüfəngi;
  • atıcı silahı üçün 1,8 milyon patron.

Əhəd Vahidoğlu

CATEGORIES