“Tolun” bombası elektron müharibə mühitində hədəfi dəqiqliklə vurub – VİDEO
ASELSAN şirkəti tərəfindən inkişaf etdirilən “Tolun” miniatür bombasının elektron müharibə mühitində atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq Konya şəhərinin Karapınar bölgəsində GPS siqnallarının intensiv şəkildə qarışdırıldığı mühitdə baş tutub.
Bildirilib ki, sınaq zamanı F-16 qırıcısından buraxılan “Tolun” bombası elektron müharibə sistemləri tərəfindən GPS siqnallarının qarışdırılmasına baxmayaraq hədəfi dəqiqliklə vurub. Bununla da “Tolun”un GNSS qarışdırma sistemləri ilə qorunan düşmən hədəfələrini vura bilmə qabiliyyəti uğurla sınaqdan keçirilmiş olub.
GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. O, F-16 Block 40 qırıcıları və “Akıncı” PUA-larından atılmaq üçün nəzərdə tutulub. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir. Mənzili 102 km və ağırlığı 139 kq olan “Tolun”, ASELSAN-ın “Sadak-4T” ağıllı xarici asqı sisteminə taxıla bilər. Belə olan halda F-16 qırıcısı 1 əvəzinə 4 ədəd “Tolun” miniatür bombası daşıya bilir.