ASELSAN Avropada yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir – FOTOLAR
Türkiyənin aparıcı müdafiə şirkəti olan ASELSAN Parisdə keçirilən “Eurosatory-2024” sərgisində müasir həllərini və müxtəlif məhsul çeşidlərini tədqim edir.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sərgidə şirkətin mühəndislik təcrübəsi, hava hücumundan müdafiə, elektron müharibə, radar, dəniz sistemləri, rabitə cihazları, PUA-lar üçün faydalı yükləri, tank modernizasiyası, sərhəd təhlükəsizliyi və hava platforması həlləri nümayiş olunur.
Şirkət tərəfindən sərgidə KORKUT hava hücumundan müdafiə (HHM) sistemi nümayiş etdirilir. “Otokar” şirkətinin ARMA 8×8 zirehli nəqliyyat vasitəsinə inteqrasiya olunan KORKUT HHM sistemi 35 mm-lik qoşalaşdırılmış zenit top ilə silahlandırılıb. 35 mm-lik ATOM sursatından istifadə edən HHM sistemi düşmənin “hava-yer” tipli raketlərini, qanadlı raketlərini, pilotsuz uçuş aparatlarını və bu kimi hava hədəflərini məhv etmək imkanına malikdir. İndiyə qədər bir çox sərgidə nümayiş etdirilən KORKUT HHM sistemi Türkiyə Ordusunun inventarında yer almaqdadır.
ASELSAN həmçinin ALP çoxfunksiyalı AESA hava müşahidə radarını “Eurosatory-2024”də təqdim edir. ALP, yerüstü hava hücumundan müdafiə sistemləri üçün əsas axtarış radarı kimi xidmət edə və digər uzun mənzilli radar sistemlərinin əhatə etmədiyi əraziləri effektiv şəkildə əhatə edə bilər.
Bundan əlavə, ASELSAN-ın suüstü və elektron müharibə, kəşfiyyat-müşahidə, baza/liman/kritik gəmi və obyektlərin təhlükəsizliyi, eləcə də amfibiya əməliyyatları üçün nəzərdə tutulmuş “Marlin” insansız kateri də sərgidə nümayiş etdirilən məhsullar arasında yer alır.
ASELSAN-ın “Eurosatory-2024”də iştirakını dəyərləndirən şirkətin baş direktoru Ahmet Akyol, Avropadakı müdafiə bazarının və sərginin əhəmiyyətinə toxunub: “Biz dərin mühəndislik təcrübəmizi “Eurosatory-2024”də təqdim etməkdən qürur duyuruq. Avropa müdafiə bazarı ASELSAN-ın əsas prioritetləri sırasındadır və inanırıq ki, “Eurosatory”də iştirak etməyimiz mövcud tərəfdaşlığımızın inkişafında, yeni əməkdaşlıqların yaradılmasında, Avropa və dünya miqyasında sektor mütəxəssisləri və son istifadəçilərlə birbaşa qarşılıqlı əlaqənin təmin edilməsində çox mühüm addım olacaq”.
Bildirilib ki, ASELSAN 16 ölkədə geniş yayılmış törəmə şirkətləri və ofisləri vasitəsilə müdafiə, təhlükəsizlik, ticarət və mülki sektorlarda davamlı olaraq qabaqcıl texnologiya malik məhsullar və həllər təqdim etməklə həm Avropada, həm də dünyada əhəmiyyətli təsir yaratmaqdadır.