“Otokar” ALPAR və ARMA II-ni ölkə xaricində ilk dəfə nümayiş etdirir

“Otokar” ALPAR və ARMA II-ni ölkə xaricində ilk dəfə nümayiş etdirir

Türkiyənin qlobal quru platformaları istehsalçısı olan “Otokar” şirkəti Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory-2024” sərgisində zirehli nəqliyyat vasitələrini və qüllə sistemlərini nümayiş etdirir.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, Türkiyənin ağır sinifdə inkişaf etdirilmiş ilk insansız döyüş maşını ALPAR və ARMA ailəsinin yeni üzvü ARMA II ilk dəfə ölkə xaricində təqdim olunur.

Bildirilib ki, “Otokar” Türkiyənin müdafiə sənayesini xaricdə uğurla təmsil etməyə davam edir. Şirkət ilin əvvəlindən indiyə kimi Braziliyadan İndoneziyaya, Rumıniyadan Səudiyyə Ərəbistanına qədər müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edərək quru sistemləri sahəsindəki məhsul və imkanlarını təqdim edib. Hazırda isə şirkət quru sistemləri sahəsindəki məhsul və bacarıqlarını “Eurosatory-2024”də sərgiləyir.

Şirkətin “Eurosatory-2024”də nümayiş etdirdiyi məhsulların sırasında qüllə sistemləri, ALPAR insansız döyüş maşını, COBRA II, ARMA II, ARMA 6×6, ARMA 8×8, TULPAR və AKREP II zirehli nəqliyyat vasitələri yer alır.

Həmçinin sərgidə “Otokar” və “EDGE Group”un birgə şirkəti olan “Al Jassor”un stendində RABDAN 8×8 zirehli ambulansı, ASELSAN şirkətinin stendində isə ARMA 8×8 üzərinə inteqrasiya edilən KORKUT hava hücumundan müdafiə sistemi nümayiş olunur.

“Otokar”ın 1990-cı illərdə zirehli texnikalarını ilk dəfə “Eurosatory”də dünyaya tanıtdığını və bu gün dünyanın aparıcı quru sistemləri istehsalçıları arasında olduğunu bildirən “Otokar”ın baş direktoru Aykut Özüner sərgi və şirkət hədəfləri ilə bağlı fikirlərini bölüşüb: “Dünyada baş verən hadisələr və təhlükələr səbəbindən müdafiə sənayesi xərclərinin artması istifadəçilərin hərbi sərgilərə marağını artırır. Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan “Eurosatory”də dünyanın hər yerindən mövcud və potensial istifadəçilərimizlə görüşmək fürsətimiz oldu. NATO standartlarındakı məhsullarımız, ehtiyaclara cavab vermə və çatdırma sürətimiz, satış sonrası xidmətlərimizlə qlobal rəqiblərimiz arasında seçilirik. “Otokar” olaraq Avropanın quru sistemləri mövzusunda müdafiə sənayesinin artan ehtiyaclarına ən sürətli və ən təsirli şəkildə cavab verməyə hazırıq”.

Baş direktor A.Özüner şirkətin yaxın keçmişdəki əməkdaşlıqlarına da diqqət çəkib: “Məhsul, çatdırılma və satış sonrası sahələrində fərq yaradan qabiliyyətlərimiz sayəsində xüsusilə Şərqi Avropa ölkələri üçün öndə gələn namizədlərdən birinə çevrilmişik. Ötən ilin oktyabrında Estoniya Silahlı Qüvvələrinə 6×6 təkər formullu zirehli texnikaların tədarükü üçün mükafatlandırıldıq. Tender qiymətləndirmə prosesi davam edən Rumıniyanın 4×4 zirehli maşın ehtiyaclarını qarşılamağa hazır və istəkliyik”.

Öz növbəsində sərgi ilə bağlı düşüncələrini paylaşan baş direktorunun müavini Sedef Vehbi bildirib ki, NATO və BMT-nin hərbi maşın təchizatçısı olan “Otokar”ın istehsal etdiyi nəqliyyat vasitələri dünyanın fərqli yerlərində müxtəlif missiyalarda bir çox fərqli iqlim və ərazi şəraitində xidmət göstərir: “Beş qitənin 40-dan çox ölkəsində 33 mindən artıq hərbi maşınımız xidmət etməkdədir. Bu nəqliyyat vasitələri döyüş şəraitindən tutmuş sülhməramlı xidmətlərə qədər ən çətin ərazilərdə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir. Bu günə qədər dünyanın hər yerində saysız-hesabsız missiyalarda iştirak etmiş maşınlarımız özlərini sübut etmiş və uğurla adından söz etdirmişdir”.

“Otokar”ın sərgidəki iştirakını qiymətləndirən S.Vehbinin sözlərinə görə, şirkət “Eurosatory”ə yeni nəsil nəqliyyat vasitələri ilə güclü şəkildə qatılıb: “İki zirehli texnikamızı ilk dəfə “Eurosatory”də dünyaya təqdim edirik. İnanırıq ki, silahlı qüvvələrin robot və insansız quru vasitəsi ehtiyaclarını qarşılamaq üçün inkişaf etdirdiyimiz ALPAR və klassik döyüşdən əlavə, bu gün tez-tez rast gəlinən asimmetrik təhlükələri də nəzərə alaraq inkişaf etdirdiyimiz 8×8 təkər formullu ARMA II sektorda yeni istinad nöqtəsi olacaq”.

Sedef Vehbi bildirib ki, “Otokar” hərbi maşınların tədarükü ilə yanaşı, istifadəçilərin tələblərinə cavab verən həllər də hazırlayır.

“Biz istifadəçilərimizin ehtiyaclarını və cari təhdidləri yaxından izləyir, silahlı qüvvələr və təhlükəsizlik qurumlarına optimal həllər təmin etmək üçün çalışırıq. Sahib olduğumuz imkan və qabiliyyətlər sayəsində istifadəçilərimizin ehtiyacları çərçivəsində yerli istehsal və texnologiya transferi kimi bütün variantları təmin edirik”, – deyə baş direktorun müavini qeyd edib.

CATEGORIES
TAGS