“Gözde” tuşlama dəstinin “Akıncı” PUA-dan atış sınağı həyata keçirilib – VİDEO
ASELSAN şirkətinin istehsal etdiyi “Gözde” tuşlama dəstinin “Akıncı” pilotsuz uçuş aparatından növbəti atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı “Gözde” tuşlama dəsti hədəfi dəqiqliklə vurub.
ASELSAN ilə TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə inkişaf etdirilən “Gözde”, 227 kiloqramlıq Mk-82 ümumi təyinatlı aviasiya bombalarını ANS/KKS və Lazer Arayıcı Başlıqlı (LAB) idarə olunan sursatlara çevirərək istifadəçiyə yerdəki sabit və hərkətli hədəfləri dəqiqliklə vura bilmək imkanı qazandırır.
Onun Mk-82 aviasiya bombası ilə birlikdə ümumi kütləsi 265 kiloqram, uzunluğu 2590 millimetr və mənzili 28 kilometrdir. Maksimum 40000 ft yüksəklikdən atıla bilən “Gözde” tuşlma dəsti, “Akıncı” pilotsuz uçuş aparatları (PUA), F-16 və F-4E qırıcıları tərəfindən istifadə edilmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin sentyabr ayında ASELSAN şirkəti “Gözde” tuşlama dəstini Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.
Bundan başqa, “Gözde”, ixrac uğuru da əldə edib. Belə ki, cari ilin martında ASELSAN şirkəti adı açıqlanmayan beynəlxalq müştərilərə 35.1 milyon ABŞ dolları dəyərində GÖZDE və ASELFLİR-500 sistemlərinin tədarük edilməsi ilə bağlı müqavilələrin imzalandığını bildirib. Bununla da hər iki sistemin ilk ixracı həyata keçirilib.