İranda uzun mənzilli “Murmansk-BN” elektron müharibə sistemləri yerləşdirilib

İranda uzun mənzilli “Murmansk-BN” elektron müharibə sistemləri yerləşdirilib

İran ölkənin bəzi yerlərində Rusiya istehsalı olan uzun mənzilli “Murmansk-BN” elektron müharibə sistemlərini yerləşdirib.

“Poliqon” xəbər verir ki, bu barədə “Ram Report” “Teleqram” kanalı məlumat yayıb.

Xatırladaq ki, son günlər İran və İsrail arasında artan gərginlik nəticəsində İran ölkənin müxtəlif yerlərində HHM sistemlərinin yerləşdirilməsinə başlayıb. Ona görə də, “Murmansk-BN”lərin İran tərəfindən təyinatlandırılması təəccüblü deyil.

Xarici hərbi ekspertlərin fikrincə, bu elektron müharibə sistemləri əsasən İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarələrinin qarışısını almaq üçün yerləşdirilib. Bununla da İran tərəfi “Murmansk-BN”in uzun mənzili sayəsində İsrailin F-35-lər vasitəsilə edə biləcəyi hücumları zərərsizləşdirmək niyyətindədir.

Qeyd edək ki, İranın “Murmansk-BN” elektron müharibə sistemlərini hansı tarixdə Rusiyadan aldığı hələlik məlum deyil.

Rusiyanın “Radioelektronik Texnologiyalar” konserni (KRET) tərəfindən inkişaf etdirilən “Murmansk-BN” mövcud sistemlər arasında ən uzun mənzilə sahib olan elektron müdafiə kompleksidir. Rusiyada belə bir kompleksin hazırlanması fikri hələ ötən əsrin ortalarından yaranıb. Uzun müddətli proseslərdən və çalışmalardan sonra “Murmansk-BN” elektron müharibə kompleksi inkişaf etdirilərək 2014-cü ilin dekabr ayında Rusiya Ordusunun xidmətinə verilib. Kompleks Rusiya Ordusunun istifadəsində əyani olaraq ilk dəfə 2015-ci ildə elektron müharibə bölmələri ilə keçirilən təlimdə nümayiş etdirilib.

“Murmansk-BN” elektron dəstək və elektron hücum olmaqla iki sistemdən ibarətdir. Onun elementləri ayrı-ayrılıqda 7 ədəd “KamAZ” (və ya “Ural”) tipli yük maşınının şassisi üzərində quraşdırılıb. Kompleksin 32 metrə qədər uzana bilən antenaları 4 ayrı yük maşınının üzərinə inteqrasiya edilib. Bu antenalar “Murmansk-BN”ə 3000-5000 kilometr məsafədə düşmənin radar, naviqasiya və rabitə siqnallarını aşkarlamağa, onlara qarşı müvafiq tədbirləri həyata keçirməyə imkan verir. Kompleks Rusiyanın Kalininqrad bölgəsində yerləşdirildiyi halda istifadəçiyə Portuqaliyanın Lissabon şəhərinə qədər olan məsafədə elektron müharibə bacarığı təmin edir. Bir çox rusiyalı hərbi mütəxəssisin fikrincə, ideal şəraitdə “Murmansk-BN”in mənzili hətta 8000 kilometrə çata bilər.

Kompleks düşmən sistemlərinin 3-30 MHz diapozununda yaydığı yüksək tezlikli (HF) siqnalları aşkarlayır, təsnifləndirir, mənbəyini tapır, izləyir, həyata keçiriləcək elektron hücumu müəyyənləşdirir və ona qarşı pozuculuq fəaliyyəti yerinə yetirir. O, düşmən PUA-larının, döyüş gəmilərinin, AEW&C təyyarələrinin və digər sistemlərinin rabitə əlaqəsini pozaraq əməliyyat keyfiyyətini aşağı salır. Bundan başqa, “Murmansk-BN” qarşı tərəfin silah sistemlərində istifadə olunan atəşi idarəetmə sistemlərinin iş prinsipini də manelər yaradaraq poza bilir.

CATEGORIES
TAGS