Dünyanın ən yaxşı beş tankının adı açıqlanıb – SİYAHI
ABŞ-ın “The National Interest” nəşri öz versiyasında dünyanın ən yaxşı tanklarının adlarını açıqlayıb.
“Poliqon” “The National Interest” nəşrinə istinadən xəbər verir ki, “Dünyanın ən yaxşı” beş tankının siyahısını hərbi ekspert Peter Sucio tərtib edib.
Beləliklə, amerikalı ekspertin fikrincə, beş ən yaxşı tankın sıralaması təbii ki, İsrailin “Merkava Mk.5 Barak” tankı ilə açılır. Bu əsas döyüş tankı heyəti mükəmməl qoruyan və digər zirehli maşınlara tab gətirə bilən ən etibarlı və müasir tanklardan biri kimi təsvir edilir. Onun “Trophy” aktiv müdafiə sisteminə malik olması isə ayrıca qeyd olunur.
Əlavə olaraq qeyd edək ki, bu tankın konstruksiyası əvvəlki modellərdən heç nə ilə fərqlənmir, sürücü-mexanik solda, mühərrik sağda qabaqda, qüllə geri çəkilib. Heyət hələ də dörd nəfərdən – sürücü-mexanik, komandir, tuşlayıcı və doldurucudan ibarətdir. Yeni “Merkava Mk.5” tankında avtomatik doldurucu yoxdur.
Tankın silahlanması da dəyişməzdir – 120 mm-lik hamar lüləli top, iki 7,62 mm-lik pulemyot və içəridə arxada quraşdırılmış 60 mm-lik minaatan.
Əsas dəyişikliklər müdafiəyə təsir edib. “Merkava Mk.5” tankları məhv etmək üçün təyin edilmiş bütün müasir vasitələrə qarşı mübarizə aparmağa qadir olduğu deyilən “Trophy” aktiv mühafizə sistemi ilə təchiz edilib. Tank həmçinin gecə-gündüz görmə kameralarının quraşdırılması sayəsində 360 dərəcə hərtərəfli görünüş əldə edib. Tank komandiri döyüş sahəsinin 3D görünüşünü təmin edən, həmçinin tankın daxilində baş verənlər, o cümlədən zədələr haqqında bütün məlumatları təqdim edən rəqəmsal dəbilqə ilə təchiz edilib. Quraşdırılmış sistemlər tanka müstəqil olaraq hədəfləri aşkar etməyə və onları vurmağa imkan verir.
“Merkava Mk.5” tankı 1500 at gücünə malik V-12 dizel mühərriki, avtomatik transmissiya ilə təchiz olunub, beş irəli və iki geri ötürücüyə malikdir. Yanacaq üzrə şossedə gediş məsafəsi 500 km, maksimal hərəkət sürəti 64 km/saatdır.
Müəllif ikinci yeri Rusiyanın T-14 “Armata” tankına verib. Tank rəsmi olaraq hərbi əməliyyatlarda iştirak etməsə də, reytinq müəllifi hesab edir ki, bu tanksız keçinmək mümkün deyil. O qeyd edir ki, T-14 “Armata” tankı insansız qülləyə, yaxşı müdafiəsi və digər xüsusiyyətlərə malikdir, lakin çox bahalıdır. Tank bir çox cəhətdən innovativdir və o, “gələcək üçün” inkişaf etdirilib.
Müəllif yazır ki, “Ən yaxşı müasir tankların heç bir siyahısı T-14 “Armata” olmadan tamamlana bilməz”.
Qeyd edək ki, T-14 “Armata” tankı proqram-texniki qarşılıqlı əlaqə komplekslərindən istifadə edərək bütün obyektləri birləşdirən vahid taktiki pilləni idarəetmə sistemi (ESU TZ) ilə təchiz edilib.
Bu sistem radioelektron mübarizə, artilleriya, hava hücumundan müdafiə, mühəndislik və maddi-texniki təminatı idarə etmək üçün məsul olan on bir alt sistemi özündə birləşdirən vahid döyüş idarəetmə sistemidir. Bundan başqa, ESU TK həm də müxtəlif növ rabitə növlərinin, o cümlədən pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə rabitənin və döyüş meydanında müxtəlif qoşun növləri arasında onlayn qarşılıqlı əlaqənin inteqrasiyası ilə vahid məlumat şəbəkəsi yaratmağa imkan verir.
T-14 “Armata” tankı yeni nəsil “Afqanit” aktiv müdafiə kompleksi və dördüncü nəsil “Malaxit” dinamik zirehləri ilə təchiz edilib.
T-14 “Armata” tankının silah sisteminə 125 mm 2A82 və ya 152 mm 2A83 (istək əsasında) hamar lüləli tank topu, həmçinin 12,7 mm Kord və 7,62 mm PKTM pulemyotları daxildir.
A-85-3A dizel mühərrikinin gücü təkandan asılı olaraq 1350/ 1500/ 1650/ 1800 at gücünə bərabərdir. Şossedə sürət 62-dən 90 km/saata qədər (1350-dən 1800 at gücünə qədər), yolsuzluq şəraitində sürət 38-dən 51 km/saata qədərdir (1350-dən 1800 at gücünə qədər). Şossedə və yolsuzluq şəraitində yanacaq üzrə gediş ehtiyatı 500 km-dir.
Üçüncü yerdə də Rusiya tankıdır – T-90M “Prorıv”. Bu tank öz mövqeyini layiqincə tutdu, çünki Xüsusi Hərbi Əməliyyat zonasında döyüş əməliyyatları zamanı özünü çox yaxşı göstərib və Rusiya ordusunun əsas döyüş tankıdır. Onun yaxşı müdafiəsi, yüksək mobilliyi və atəş gücü qeyd olunur.
Məlumat üçün qeyd edək ki, T-90M “Prorıv” tankı inteqrasiya edilmiş “Kalina” taktiki səviyyəli döyüş məlumatı və idarəetmə sistemi ilə atəş idarəetmə sistemi ilə təchiz edilmiş yeni qülləyə malikdir.
Tankda 3BM59 və 3BM60 “Svinets” kimi daha uzun döyüş sursatlarından istifadə edə bilən yeni avtomatik doldurucu, modernləşdirilmiş 125 mm çaplı 2A46M-5 hamar lüləli top və uzaqdan idarə olunan 12,7 mm-lik “Kord” pulemyotlu UDP T05BV-1 zenit modulu quraşdırılıb. Cütləşdirilmiş 7,62 mm PKTM pulemyotu da var.
Tank üçüncü nəsil “Relikt” modul dinamik müdafiə ilə təchiz edilib.
Tank 1130 at gücünə malik təkmilləşdirilmiş V-92S2F mühərriki ilə təchiz edilib. Şossedə hərəkət sürəti 70 km/saat, yolsuzluq şəraitdə isə 50 km/saatdır. Şossedə yanacaq üzrə gediş ehtiyatı 550 km-dir.
Dördüncü yerdə ABŞ-ın M1A2 “Abrams SEPv3” (System Enhancement Package version 3) tankı qərarlaşıb. Bu model ABŞ Ordusu tərəfindən silahlanmaya qəbul edilən sonuncu versiyadır. Reytinq müəllifinin fikrincə, bu tank dördüncü yeri tutmaq üçün güclü mühərrikə, yaxşı silaha və digər üstünlüklərə malikdir.
Bu tankda sələflərinə nibətən bir neçə moderləşdirmə işləri yerinə yetirilib:
– proqramlaşdırıla bilən partladıcı ilə yeni çoxməqsədli XM1147 AMP və yeni zirehdələn çapaltı M829E4 AKE kimi iki atəş yığımı əsasında tankın döyüş dəsti unifikasiya olunub;
– proqramlaşdırıla bilən partladıcı ilə AMP atəş yığımları ilə atəş aparılmasına imkan verən ADL (Ammunition Data Lin) avadanlığının quraşdırılması sayəsində tankın atəşi idarəetmə sistemi modernləşdirilib;
– tuşlayıcının və komandirin müstəqil panoramik nişangahında yeni İFLIR termal görüntü cihazlarının quraşdırılıb ki, təsvirlər yüksək dəqiqlikli displeylərdə nümayiş etdirilir.
Tankda M829A4 topu quraşdırılıb. Bundan başqa tankda 12,7 mm-lik pulemyotlu aşağı profilli ümumi uzaqdan idarə olunan silah sistemi (Crows) quraşdırılıb. 7,62 mm-lik M240 pulemyotu da əsas silahla koaksial şəkildə quraşdırılıb.
M1A2 “Abrams SEPv3” tankı 1500 at gücünə malik Honeywell AGT1500 qaz turbin mühərriki ilə təchiz edilib. Şossedə hərəkət sürəti 66,8 km/saat, yanacaq üzrə gediş ehtiyatı 480 km-dir.
Beşinci yeri müəllif Cənubi Koreyanın K2 “Black Panther” tankına verib. Bu tank ən müasir, güclü silahlara və uğurlu hərbi əməliyyatlar aparmaq üçün lazım olan hər şeyə malik olan tanklardan biri hesab olunur. Onun əsas üstünlüyü ondan ibarətdir ki, o, Şimali Koreyanın və hətta Çinin tanklarından üstündür.
İstehsalçı bildirir ki, K2 “Black Panther” tankını layihələndirərkən, onun bütün elektron sistemlərini vahid şəbəkədə birləşdirəcək tank məlumat və idarəetmə sistemi və döyüş məlumat və idarəetmə sisteminə xüsusi diqqət yetirilib. Bu, taktiki səviyyəyə avtomatlaşdırılmış idarəetməni təmin edir və döyüş meydanında real vaxt rejimində tank, müxtəlif qoşun növlərinin digər hərbi texnikası və idarəetmə məntəqələri arasında döyüş və kəşfiyyat məlumatlarının mübadiləsinə imkan verir.
Əsas silah Almaniyanın Rh-120 topu əsasında hazırlanmış lülə uzunluğu 55 çap olan 120 mm-lik tank topudur.
Tank aktiv müdafiə kompleksi ilə təchiz edilib. Bu sistem 150 metrə qədər məsafədə yaxınlaşan mərmiləri və tank əleyhinə idarə olunan raketləri aşkar etməyə qadir olan üçölçülü radara və termal görüntüyə əsaslanır.
Tank, Almaniyanın 1500 at gücünə malik MTU MB-883 Ka-500 dizel mühərriki ilə yeni EuroPowerPack mühərrik-transmissiya qurğusundan istifadə edir.
Tankın maksimal sürəti şossedə 70 km/saat, yolsuzluq şəraitində isə 50 km/saatdır. Şossedə yanacaq üzrə gediş ehtiyatı 450 km-dir.
Eyni zamanda amerikalı ekspert Almaniyanın “Leopard 2” və Böyük Britaniyanın “Challenger 2” tankları siyahıya daxil etməyib. Müəllif bu tankların fövqəltəbii heç nə nümayiş etdirmədiyi Rusiya-Ukrayna müharibəsindəki döyüşlərin buna təsir edib-etmədiyini göstərmir.
Beləliklə, dünyanın ən yaxşı beş tankının sıralaması:
- “Merkava Mk.5 Barak” – İsrail
- T-14 “Armata” – Rusiya
- T-90M “Prorıv” – Rusiya
- M1A2 “Abrams SEPv3” – ABŞ
- K2 “Black Panther” – Cənubi Koreya
Əhəd Vahidoğlu