Böyük Britaniya AW149 çoxməqsədli helikopterləri alır

Böyük Britaniya AW149 çoxməqsədli helikopterləri alır

İtaliyanın “Leonardo” və Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında 23 ədəd AW149 çoxməqsədli helikopterinin tədarükü ilə bağlı 1 milyard funt sterlinq (1.3 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, yeni orta sinif helikopterlər (NMH – New Medium Helicopter) Böyük Britaniya Silahlı Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Bildirilib ki, helikopterlər “Leonardo”nun Böyük Britaniyanın Yeovil bölgəsində yerləşən müəssisəsində istehsal olunacaq.

Bu razılaşma Yeovil müəssisəsinin həm yerli, həm də ixrac bazarına qabaqcıl helikopter təqdim edən əsas mərkəz kimi rolunu möhkəmləndirir. Gələcəkdə AW149 və digər platformaların ixracı ilə beynəlxalq bazarda əhəmiyyətli potensial da nəzərdə tutulur.

AW149 gecə və gündüz əməliyyatları apara bilən çoxməqsədli hərbi helikopterdir. Onun maksimal uçuş kütləsi 8300 kq təşkil edir və bu göstəricini 8600 kq-a qədər artırmaq mümkündür. Helikopterin maksimal sürəti saatda 313 km, kreyser sürəti isə 287 km-dir. Maksimal uçuş məsafəsi 958 km olan helikopter təxminən 5 saata qədər havada qalmaq imkanına malikdir. AW149 göyərtəsinə 19 sərnişin götürə bilir. Heyət əsasən 2 nəfərdən ibarət olsa da, əsas vəzifələri bir pilot da yerinə yetirə bilər.

AW149 platforması artıq müxtəlif beynəlxalq operatorlar tərəfindən bir sıra tətbiqlər üçün istismar olunur və bir neçə ölkədə qiymətləndirmə mərhələsindədir. Orta çəki kateqoriyasında köhnəlmiş helikopter parklarının modernləşdirilməsi və əvəz olunması üçün ideal seçim hesab olunur.

CATEGORIES
TAGS