
Hindistan freqatlar üçün Rusiyadan “yer-hava” raketləri alır
Hindistan Müdafiə Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Shtil-1” hava hücumundan müdafiə sistemləri üçün gəmi əsaslı “yer-hava” raketlərinin alınmasına dair müqavilə imzalayıb.
“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 238 milyon ABŞ dolları təşkil edir.
Bildirilib ki, bu raketlər Hindistan HDQ-nin “Shtil-1” sistemi ilə təchiz olunmuş freqatları üçün nəzərdə tutulub.
Satınalma yaxın zamanda təhvil verilmiş və hazırda inşa olunan freqatların hava hücumundan müdafiə sistemləri üçün operativ raket ehtiyatlarının formalaşdırılması ehtiyacını qarşılamağa yönəlib. Bu gəmilər Hindistanın genişlənən suüstü donanmasının bir hissəsini təşkil edir və təyyarələr, qanadlı raketlər, pilotsuz uçuş aparatları kimi hava təhdidlərinə qarşı müasir HHM sistemlərinə ehtiyac duyur.
Beləliklə, alınacaq raketlər çoxməqsədli dəniz əməliyyatları üçün nəzərdə tutulmuş “Layihə 11356” freqatları sinfinə aid Hindistan HDQ-yə məxsus 4 freqatın döyüş komplektinə daxil ediləcək. Raketləri alacaq gəmilərdən ikisi artıq Hindistanda donanmaya qəbul edilib. Bunlar Rusiyanın Kalininqrad şəhərində yerləşən “Yantar Gəmiqayırma Zavodu”nda inşa olunan “INS Tushil” (F70) və “INS Tamal” (F71) freqatlarıdır. Bu gəmilər müvafiq olaraq 2024 və 2025-ci illərdə Hindistana təhvil verilib. Eyni sinfə aid daha iki freqat isə hazırda Hindistanda inşa edilir. “Triput” freqatı və “Tavasya” freqatı “Goa Shipyard” şirkətinin zavodunda inşa olunur.
Məlumata görə, müqavilə çərçivəsində sifariş edilən raketlərin 9M317ME zenit raketinin variantı olması ehtimal edilir. Bu raket “Buk” hava hücumundan müdafiə sistemi ailəsi əsasında hazırlanıb və gəmi platformalarından buraxılış üçün uyğunlaşdırılıb.
“Shtil-1” sistemi orta mənzilli dəniz hava hücumundan müdafiə kompleksi kimi fəaliyyət göstərir və suüstü gəmiləri müxtəlif hava təhdidlərindən qorumaq üçün nəzərdə tutulub. Sistem şaquli buraxılış konteynerlərindən istifadə edir ki, bu da gəminin radar və atəşi idarəetmə sistemləri tərəfindən aşkarlanan hədəflərə qarşı raketlərin sürətli buraxılmasına imkan yaradır.


