İsrailin kosmik imkanları İrana qarşı əməliyyatlarda vacib rol oynayır

İsrailin kosmik imkanları İrana qarşı əməliyyatlarda vacib rol oynayır

İran ərazisində davam edən hərbi əməliyyat fonunda İsrail Müdafiə Nazirliyinin baş direktoru, ehtiyatda olan general-mayor Amir Baram “Israel Aerospace Industries” şirkəti (IAI), Müdafiə Tədqiqatları və İnkişafı İdarəsi (DDR&D) və İsrail Müdafiə Qüvvələri tərəfindən birgə idarə olunan kosmik obyektə səfər edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, səfər zamanı Amir Baramı şirkətinin baş direktoru Boaz Levi, DDR&D-nin Kosmik İdarəsinin rəhbəri Avi Berger və müdafiə qurumunun digər yüksək vəzifəli rəsmiləri müşayiət ediblər.

İsrail Müdafiə Nazirliyinin baş direktoru quruma məxsus bir neçə peyki idarə edən əməliyyat yerüstü stansiyasına baş çəkib, İranda davam edən döyüş əməliyyatları ilə bağlı real vaxt rejimində əldə edilən peyk görüntülərinə baxış keçirib və kosmik sahədə son inkişafların hazırkı əməliyyat çərçivəsində İsrail Müdafiə Qüvvələrinin zərbələrinə birbaşa töhfəsini müzakirə edib.

A.Baram bildirib ki, İsrailin kosmik imkanları kəşfiyyat məlumatlarının əldə olunması, hədəflərin müəyyənləşdirilməsi və sürətli əməliyyat dövrlərinin təmin edilməsi baxımından döyüş meydanında mühüm nailiyyətlər yaradır.

“Bu nailiyyətlərin arxasında sənaye və DDR&D mühəndislərindən ibarət unikal ekosistem dayanır və onlar 9900-cü bölmə, C4I və Kibertəhlükəsizlik Direktorluğu, həmçinin İsrail Hərbi Hava Qüvvələri ilə yanaşı çalışırlar. Bu tərəfdaşlıq texnoloji inkişafların sürətlə öyrənilməsinə və real vaxtda tətbiqinə imkan verir və İsrailə supergüc səviyyəsində imkanlar qazandırır. Kosmos milli strategiya baxımından birinci dərəcəli prioritetdir. Biz kosmik gücün inkişafını mümkün olan bütün vasitələrlə davam etdirəcəyik”, – deyə baş direktor vurğulayıb.

CATEGORIES
TAGS