Türkiyədə yeni K2 kamikadze PUA-nən sürü uçuş sınaqları yerinə yetirilib

Türkiyədə yeni K2 kamikadze PUA-nən sürü uçuş sınaqları yerinə yetirilib

“Baykar” şirkəti öz resursları hesabına milli və orijinal olaraq inkişaf etdirdiyi K2 kamikadze pilotsuz uçuş aparatının (PUA) ağıllı sürü avtonomiyası sınaqlarını həyata keçirib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, çoxlu əməliyyat qabiliyyətlərinə, inkişaf etmiş süni intellekt və avtonomiya alqoritmlərinə malik olan 5 ədəd K2 PUA-nın müxtəlif düzülüşlərlə həyata keçirdiyi formasiya uçuş testləri uğurla tamamlanıb.

Belə ki, Keşan Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan 5 ədəd K2 kamikadze PUA, iki gün müddətində Saros Körfəzində aparılan testlərdə “sağ mövqe”, “xətt” və “V” düzülüşlü formasiya uçuşlarını uğurla icra edib. Test ssenarilərində K2 platformaları süni intellekt, sensor və proqram təminatları vasitəsilə sürüdəki digər hava vasitələrinə görə mövqe tutaraq yerlərini səhvsiz şəkildə qoruyub və vəzifələri uğurla icra edib. Həmçinin K2 kamikadze PUA-sı “Turan” və “divar” forması kimi müxtəlif düzülüşləri də uğurla tətbiq edə bilir.

Tədqiqat-inkişaf işlərinin növbəti mərhələsində platformanın, sursatını hədəfə çatdırdıqdan sonra bazaya geri dönə bilən və təkrar istifadə imkanına malik versiyalarının həyata keçirilməsi planlaşdırılır.

Layihə ilə yüksək məbləğli sursatların istifadəsini minimuma endirərək təsir gücü yüksək, aşağı xərclə kütləvi istehsal oluna bilən platformaların sahəyə çıxarılması məqsəd qoyulub. Bu yanaşma nəticəsində düşmənin kritik hədəfləri daha aşağı qiymət və yüksək effektivliklə neytrallaşdırılacaq.

K2 kamikadze PUA-nın naviqasiya arxitekturası GNSS olmadığı və ya intensiv qarışdırmaya məruz qaldığı elektron müharibə mühitində də vəzifə yerinə yetirə biləcək şəkildə dizayn edilib. Platforma, gimbal kamerası və gövdənin altındakı gecə görmə qabiliyyətinə malik kamera sistemi vasitəsilə yer səthini vizual olaraq skan edərək mövqe təxminləri aparır. Bu sayədə PUA, GNSS siqnalları tamamilə olmadıqda belə vizual skanlama qabiliyyəti ilə fasiləsiz naviqasiya həyata keçirərək hədəfə doğru avtonom şəkildə uça bilir.

Üzərindəki EO/IR gimbal kamera sistemi platformaya həm kəşfiyyat-müşahidə qabiliyyəti qazandırır, həm də vizual kilidlənmə xüsusiyyəti ilə hədəfi dəqiq vurmasına imkan verir. Platforma həmçinin koordinat əsaslı dəqiq zərbə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlərə əlavə olaraq, peyk məlumat bağlantısı PUA-nın əməliyyat çevikliyini ən yüksək səviyyəyə çıxarır.

Sinifinin ən böyük kamikadze PUA-sı olan K2, qısa zolaqlı treklərə enmə-qalxma qabiliyyəti ilə sahədə logistika çevikliyi təmin edir. 800 kq maksimal qalxış ağırlığına malik bu PUA, yüksək partlayıcı gücə malik 200 kq-lik döyüş başlığı daşıya bilməsi ilə analoqlarından fərqlənir. 2000 kilometrdən çox əməliyyat məsafəsi, 200 km/s-dən yüksək sürəti və 13 saatdan çox havada qalma müddəti platformanın uzun məsafəli strateji vəzifələri icra etməsinə imkan verir.

008921

CATEGORIES
TAGS