
“Baykar” şirkəti tərəfindən milli imkanlarla hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi (PDT) KIZILELMA qəbul sınaqlarını uğurla başa vurduqdan sonra təhlükəsizlik qüvvələrinin silahlanmasına qəbul edilib.
“Baykar”dan “Poliqon”a bildirilib ki, ilk mərhələdə 3 ədəd KIZILELMA pilotsuz döyüş təyyarəsi təhvil verilib.
Bununla da dünya aviasiya tarixində ilk dəfə pilotsuz döyüş təyyarəsi əməliyyat istifadəsi üçün silahlanmaya qəbul edilib.
KIZILELMA layihəsi çərçivəsində keçirilən sınaq və təlim fəaliyyətləri zamanı indiyədək ümumilikdə 600 uçuş həyata keçirilib. Konseptual dizayn görüntüləri 20 iyul 2021-ci ildə ictimaiyyətə təqdim olunan təyyarə 12 mart 2022-ci ildə istehsal xəttinə daxil olub. “Baykar”ın 2023-cü il üçün açıqladığı hədəfi qabaqlayan KIZILELMA 14 dekabr 2022-ci ildə ilk uçuşunu uğurla həyata keçirib.
KIZILELMA 24 aprel 2023-cü ildə AKINCI pilotsuz uçuş aparatı (PUA) ilə birlikdə dünyada ilk dəfə iki pilotsuz platformanın yaxın qrup uçuşunu həyata keçirib. 27 aprel – 1 may 2023-cü il tarixlərində keçirilən TEKNOFEST İstanbul çərçivəsində isə pilotlu döyüş təyyarələri SOLOTÜRK və Türk Yıldızları ilə birlikdə ictimaiyyət qarşısında qrup uçuşları həyata keçirib.
KIZILELMA 8 oktyabr 2025-ci ildə TOLUN və TEBER-82 aviasiya sursatları ilə ilk atış sınaqlarını tamamlayıb. 17 noyabr 2025-ci ildə TOYGUN elektro-optik hədəfləmə sisteminin inteqrasiyası ilə layihədə daha bir mühüm mərhələ geridə qalıb.
29 noyabr 2025-ci ildə Sinop sahillərində keçirilən sınaq zamanı KIZILELMA ASELSAN tərəfindən hazırlanan MURAD AESA radarının aşkarladığı reaktiv mühərrikli hava hədəfini TÜBİTAK SAGE tərəfindən hazırlanan GÖKDOĞAN “hava-hava” raketi ilə məhv edib. Bununla da KIZILELMA görmə məsafəsindən kənarda yerləşən reaktiv mühərrikli hava hədəfini “hava-hava” raketi ilə vuran dünyada ilk pilotsuz döyüş təyyarəsi kimi tarixə düşüb.
Platforma 27 dekabr 2025-ci ildə daha bir ilkə imza atıb. İki KIZILELMA-nın yaxın qrup uçuşu platformanın sürü avtonomiyası imkanlarını nümayiş etdirib.
KIZILELMA-nın 20 may 2026-cı ildə İtaliyanın M-346 təyyarələri ilə birlikdə həyata keçirdiyi avtonom formasiya uçuşu pilotlu və pilotsuz platformaların birgə əməliyyat konsepsiyasının inkişafında mühüm addım olub.
13 iyul 2026-cı ildə JET-230 supersəs raketi ilə hədəfi dəqiq zərbə ilə vuran KIZILELMA həmin ay aşağı radar görünürlüğü qabiliyyətinin əsas elementlərindən biri olan daxili silah bölməsindən TEBER-82 və TOLUN aviasiya sursatları ilə ilk atış sınaqlarını da uğurla həyata keçirib.









