Azərbaycanın dənizçilik sektorunda ALFA MARINE imzası

Azərbaycanın dənizçilik sektorunda ALFA MARINE imzası

Eldar HACIBƏYLİ: “Bu günədək müştərimizə ziyan verə biləcək heç bir avadanlığı ölkəyə gətirməmişik”

“Alfa Marine” şirkəti 2005-ci ildən Azərbaycanın dənizçilik sektorunda fəaliyyət göstərir. Sektorda dünyanın aparıcı şirkətlərinin Azərbaycanda təmsilçisi olan “Alfa Marine” son illərdə quru və aviasiya sektorunu da fəaliyyət sferasına daxil edib. Şirkətin direktoru Eldar HACIBƏYLİ ilə müsahibəmizdə “Alfa Marine”nin fəaliyyəti və layihələri barədə məlumat almağa çalışdıq.

Azeri Defence: İlk olaraq rəhbərlik etdiyiniz “Alfa Marine” şirkəti və fəaliyyət istiqamətləri barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

Eldar HACIBƏYLİ: “Alfa Marine” şirkəti 2005-ci ildə yaradılıb. Şirkətimizin əsas məqsədi Azərbaycanda dəniz sektorunda xidmət göstərmək olub. Biz işə başlayanda mülki sektora hədəflənmişdik və ağırlıqlı olaraq mülki sektor üçün avadanlıqlar gətirməyə başladıq. Daha sonra bazarda professional avadanlıqlara çox böyük ehtiyac olduğunu gördük və bu istiqamətə diqqətimizi artırdıq. Ticari dənizçiliklə məşğul olan dövlət şirkətləri – Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın Xəzər Dəniz Neft Donanması ilə fəaliyyətlərimizi genişləndirdik. Bu şirkətləri xilasedici avadanlıqlarla və digər məhsullarla təchiz etdik. Qeyd edim ki, “Alfa Marine” fəaliyyətə başlayanda bizim sektorda sifarişlə kiçik həcmdə hansısa malları ölkəyə gətirən bir neçə şəxs və şirkətdən başqa təchizatçı şirkət yox idi. Amma onların avadanlıqlarını nə görmək, nə yaxından incələmək olurdu. Biz isə müəyyən nümunələri gətirib show room şəklində sərgilədik.

Fövqəladə Hallar Nazirliyinin yaranmasından sonra işlərimizi daha da təkmilləşdirdik. Onlara göstərdiyimiz xidmətlə bağlı olaraq fəaliyyət istiqamətimiz də dəyişdi. Daha peşəkar texnikalar, avadanlıqlar tələb olundu və biz də onları tədarük etdik. Sonrakı illərdə hərbi qurumlar da bizə müraciət etməyə başladılar. Eyni zamanda ticari gəmiçiliklə məşğul olan Xəzər Dəniz Neft Donanmasına xilasedici qayıqlar və sallar, habelə digər məmulatlar tədarük edirik.

Dəniz sektoru ilə yanaşı quru və ordunun bəzi məhsullarla təchizatında iştirak eləmişik. “Alfa Marine” şirkəti olaraq bir neçə il əvvək Azərbaycanda təşkil olunmuş ilk “Yaxt şou” sərgisində iştirak edib bazara təklif elədiyimiz çox sayda məhsulların nümunələrini tanıtdıq. Bundan əlavə profilimizə yaxın digər tədbirlərə də qatılmış, mototexnikalarımızla Azərbaycanda keçirilən kvadrasikllar yarışında dəfələrlə iştirak eləmişik. İki dəfə də bizim avadanlıqlarla təmsil olunan pilotumuz birinci yeri tutub, fəxri fərmanlarla təltif olunmuşuq.

Azeri Defence: Bu gün “Alfa Marine” Azərbaycan bazarına hansı məhsulları təqdim edir?

Eldar HACIBƏYLİ: Mülki gəmiçilik şirkətləri ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri, Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX), Daxili İşlər Nazirliyinin dəniz polisi üçün müəyyən avadanlıqlar gətiririk. XDMX-ni çox spesifik avadanlıqlarla təmin eləmişik və bu avadanlıqlar hələ də xidmət göstərir. Dəniz Polisini katerlər və katerlər üçün mühərriklərlə təchiz edirik. Onu da xüsusilə vurğulamaq istərdim ki, “Alfa Marine” sektorun tanınmış istehsalçı şirkətləri ilə əməkdaşlıq edir, onların Azərbaycanda təmsilçisi qismində çıxış edir. Bunlardan biri Fransanın “Zodiac MilPro” şirkətidir. “Zodiac” dünyada tanınmış, çox sayda ölkənin xüsusi təyinatlılarının da istifadə etdiyi “Zodiac Milpro” və “Zodiac Hurricane” qayıqlarını istehsal edir. Bununla yanaşı katerlər üçün mühərriklərin istehsalçısı olan ABŞ-ın “Mercury” şirkətinin distributoruyuq. Şirkətimiz həmçinin Fransanın dalğıc avadanlıqları istehsal edən məşhur “Beuchat” şirkəti ilə əməkdaşlıq edir. “Beuchat” 100 ilə yaxındır ki, peşəkar dalğıc avadanlıqlarının istehsalı sahəsində fəaliyyət göstərir. Biz “Alfa Marine” olaraq bu şirkətin hərbçilər, xüsusi təyinatlılar, dənizdə peşəkar işlə məşğul olan qurumlar üçün istehsal elədiyi xüsusi avadanlıları Azərbaycanda təqdim edirik. Çalışırıq ki, Azərbaycana təklif və təqdim edəcəyimiz avadanlıqlaı minimal qiymətə gətirək. İstifadəçimizi qoruyaq, onları hər hansı yeni bir avadanlıq çıxdıqda tanış edək, fərqli xüsusiyyətlərini ön plana çıxardaq.

MRS2586Azərbaycanda bir sıra məşhur şirkətlərin quru və aviasiyaya aid məhsullarını da təklif edirik. Bu məhsullar arasında xüsusi təyinatlılar üçün nəzərdə tutulan müxtəlif avadanlıqlar var. Misal üçün qeyd edim ki, “Alfa Marine” Türkiyənin “Kaya” şirkəti ilə əməkdaşlığa dəniz seqmentində istifadə edilən kəndirlərlə başladı. Sonra “Kaya” şirkətinin həm dənizdə, həm də quruda istifadə edilən hərbi təyinatlı avadanlıqları ilə tanış olduq. “Kaya”nın xüsusi təyinatlılar üçün bir çox avadanlıqları var. Biz bu avadanlıqları Azərbaycana da təqdim eləmişik. Helikopterdən sürətlə eniş üçün dizayn olunmuş “fastrope” adlanan xüsusi kəndirlərdən xüsusi təyinatlılara vermişik. “Kaya” yüksəklikdən eniş və ya dırmanma avadanlıqları, xüsusilə də hərbi təyinatlı alpinist avadanlığı, harnesslər, tutucu avadanlıqlar, kəmərlər, əlcək, dəbilqə və s. istehsal edir. Bu günə qədər biz Hərbi Dəniz Qüvələri və Dövlət Sərhəd Xidmətinə “Kaya”nın müxtəlif məhsullarını vermişik. Hərbi Dəniz Qüvələrini gəmilər üçün böyük miqdarda xüsusi möhkəmliyə sahib olan poliamid kəndirlərlə təchiz eləmişik.

Bizim həm də ABŞ-ın əsas fəaliyyət istiqaməti xüsusi təyinatlı avtomobillərin istehsalatçısı olan “Polaris” şirkəti ilə sıx əməkdaşlığımız var. Bu şirkət xüsusi təyinatlı qüvvələr üçün yüksək dayanıqlığa və manevr qabiliyyətinə malik, universal nəqliyyat platformaları istehsal edir. Hazırda adıçəkilən şirkətin istehsalı olan MRZR4 baqqiləri Xüsusi Təyinatlı Qüvvələrimizin də silahlanmasında mövcuddur. Şirkət başda ABŞ olmaqla, çox sayda aparıcı ölkənin xüsusi təyinatlıları üçün nəqliyyat vasitələri tədarük edib.

Təmsilçisi olduğumuz tanınmış şirkətlər arasında Almaniyanın “Umarex” şirkətinin də adını qeyd etmək istəyirəm. “Umarex”in keyfiyyətli xüsusi avadanlıqlarını Azərbaycanda tərəfdaşlarımıza vermişik. Adını çəkdiklərimlə yanaşı, “Alfa Marine” hərbi istiqamətdə xüsusi təyinatlılar və hərbçilərə xitab edən bir neçə firmanın Azərbaycan təmsilçisidir.

Azeri Defence: Şirkətinizin təqdim etdiyi məhsul və avadanlıqların satış sonrası dəstək, texniki servis təminatı xidmətləri necə həyata keçirilir? Şirkətiniz tərəfindən bu işlər necə qurulub?

Elder HACIBƏYLİ: Tədarük etdiyimiz avadanlıqlara zəmanət verir, eləcə də zəmanət sonrası texniki xidmətlərin həyata keçiririk. Avadanlıqlar texniki cəhətdən etibarlı və keyfiyyətli olmalıdır. Quruda avtomobiliniz xarab olursa, kənara çəkib gözləyrsiniz. Evakuasiya və texniki xidmət gəlib sizi götürür heç bir problem yaşamadan mənzilə çatdıra bilir. Amma dənizdə sizin avadanlıqlarınız belə problemlər yaşatmamalıdır. Çünki belə bir şey baş verdiyində çox zaman faciə yaşanır.

disel370

Onu da vurğulamaq istərdim ki, bir çox firmalar bizə müraciət edərək onların təmsilçisi olmamızı təklif edirlər. Amma biz seçimlərimizdə çox diqqətliyik. Şadam ki, bu günədək müştərimizə etimadını doğrultmayan heç bir avadanlığı ölkəyə gətirməmişik.

Bir vacib məsələni də qeyd etmək istəyirəm. Əsas məhsulumuz olan dəniz avadanlıqları, o cümlədən mühərriklər, dalğıc vasitələri sahəsində əməkdaşlıq elədiyimiz firmalardan sadəcə mal satın almırıq. Bunun üstündəki texniki sənədləşməni də alırıq. Şirkətimizdə bu texniki sənədləri mənimsəyib, satılan məhsullara peşəkar xidmət göstərə biləcək işçilər var. Zəif olduğumuzu hiss etdiyimiz sahələrdə davamlı olaraq treninqlərə qatılırıq. Mütəxəssislərimiz “Mercury” şirkətidən mühərriklərinin təmiri, “Kaya” şirkətindən yüksəklikdə işləmə avadanlıqları, “Zodiac” şirkətinin qayıqlarına xidmət və təmir sertifikatları alıblar.

Servisə gəlincə, əvvəl Bakıda Servis Mərkəzimiz var idi. Biz özümüz həm satış, həm də servislə məşğul olurduq. Lakin menecement sahəsində müəyyən problemlər, boşluqlar yaşadıq. Daha sonra belə qərara gəldik ki, biz servisi autsorsinq eləsək daha effektiv işləyərik. Beləcə, effektiv servis xidmətinin şirkətimizin xaricində olmasına qərar verdik. Autsorsinq elədiyimiz şirkət çox professional qurumdur və “Alfa Marine” olaraq onlara böyük dəstək veririk. Əlimizdəki bütün texniki imkanları bu şirkətlə paylaşırıq. Bunun qarşılığında “Alfa Marine” şirkətinin həm texnikasına, həm müştərilərinə xüsusi diqqət tələb edirik və bu günə qədər də onu görürük.

Azeri Defence: Bu gün Azərbaycanda “Zodiac” qayıqları istismar olunurmu? Azərbaycanda bu qayıqlara tələb necədir?

Elder HACIBƏYLİ: “Zodiac” qayıqları Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin istifadəsində mövcuddur. Bildirmək istəyirəm ki, “Zodiac”lar öz sinfində ən çox bəyənilən və istifadə edilən, birinci yerdə dayanan qayıqlardır. Təbii ki, Azərbaycanda bu gün “Zodiac” qayıqlarına ehtiyac var. Düzdür, bu tələbləri başqa qayıqlarla aradan qaldırmağa çalışırlar.disel270

Amma təcrübə onu göstərir ki, “Zodiac” ucuz və keyfiyyətsiz qayıqlarla müqayisə olunası deyil. Azərbaycana 10 il qabaq gəlmiş “Zodiac” qayıqlarını ondan dəfələrlə sonra alınmış qayıqlarla müqayisə etdikdə bunu görmək olar. “Zodiac”lar ağır istifadə, sərt iqlim şərtlərinə uyğun dizayn olunub. Bu gün “Zodiac MilPro” şirkəti tərəfindən özünü təsdiq eləmiş, hərbi təyinatlı onlarla, yüzlərlə qayıqlar var. Onların arasında helikopterdən atıla bilən, böyük gəminin üzərində daşınan, neft platformaları və s. üçün sertifikasiyaları keçmiş qayıqları var. Bir daha təkirarlamaq istəyirəm ki, Azərbaycanda “Zodiac” qayıqlarına ehtiyac var. Əvəz etməyə çalışdıqları başqa firmaların qayıqları o tələbləri qarşılaya bilməz.

Azeri Defence: Qeyd etdiniz ki, show room şəklində təmsil etdiyiniz şirkətlərin məhsullarını əyani şəkildə tanıdırsınız. Yaxın zamanlarda bazara təklif etdiyiniz yeni məhsulların güc strukturları üçün ayrıca təqdimatının keşirilməsi planlarınız varmı?

Eldar HACIBƏYLİ: Təbii ki. Artıq şərait göstərir ki, bunun vaxtı çatıbdır. 2015-ci ildə bu cür təqdimatlar keçirirdik. Təəssüflər olsun ki, 2015-ci ilin devalvasiyasından sonra Azərbaycan bazarı və dövlət xərcləri kiçildiyindən tempimiz xeyli aşağı düşdü. Həmin dövrdə dövlət büdcəsində yaranan çətinliklə əlaqədar bizdən alınan avadanlıqların sayı da azaldı. Artıq o dövrlər geridə qalıb. Biz davamlı inkişaf edirik. 2019-cu ilin sonuna qədər çatdıra bilməsək də, gələn il bir neçə belə tədbirimiz olacaq.

Azeri Defence: Gələcəkdən bəhs etmişkən, gələcək planlarınızla bağlı danışaq. Mövcud əlaqələrin genişləndirilməsi və bazarın yeni seqmentlərinə daxil olmaq barədə nələri düşünürsünüz?

Elder HACIBƏYLİ: “Alfa Marine” olaraq birinci növbədə bugünədək keçdiyimiz yolun bizə verdiyi təcrübədən faydalanmağı düşünürük. Hesab edirik ki, biz və bizim kimi bütün şirkətlər keçmiş illərin təcrübəsindən çox diqqətlə istifadə etməlidir. Fəaliyyət göstərdiyimiz 15 il müddətində texniki vasitələr, avadanlıqlar, cihazlar haqqında çox şey öyrənmişik. “Alfa Marine”nin bir çox firmanı təmsil eləmək və onların məhsullarını ehtiyacı olanlara təqdim eləmək kimi bir tendensiyası var. verado350

İllərin təcrübəsi onu göstərir ki, seçimi azaldıb professional cəhədlərimizi artırmalı, daha spesifik məhsulları təqdim etməliyik. 15 firmanı təmsil edib həm texniki, həm fiziki olaraq çox vaxt ayırmaqdansa, potensialı yüksək olan bir neçə firmanı seçib onlarla çox professional şəkildə məşğul olmağı düşünürük. Önümüzdəki illərdə biz peşəkarlıq dərəcəmizi artırmaqla məşğul olacaq, əlimizdəki avadanlıqlardan müştərilərimizin istifadəsində özünü isbat eləmiş avadanlıqları saxlayıb, digərlərini azaldacağıq. Bəzi firmalarla əməkdaşlığımızı isə tamamilə kəsəcəyik. Bunu peşəkarlaşmaq naminə edirik. Bu gün bir mühərriki gətirib Azərbaycanda təqdim ediriksə, elə formada eləmək istəyirik ki, hər tərəfli – texniki, vizual, servisi, servis sonrası baxımı olsun. İşləri elə bir səviyyəyə gətirmək istəyirik ki, müştəri avadanlığı istədiyi vaxt dərhal əldə edə bilsin.

Azeri Defence: Şirkətiniz xüsusi təyinatlılar üçün nəqliyyat vasitələrinin istehsalı sahəsində dünya çapında tanınmış “Polaris” şirkətinin təmsilçisidir. Adıçəkilən şirkətin maşınlarından az sayda Azərbaycan Ordusunda istifadə olunur. Müxtəlif ölkələrin ordularının istifadəsində bu texnikaları görürük. Azərbaycanın ordu və digər hərbi qurumlarından bu texnikalara maraq necədir? Yaxınlarda Azərbaycan bazarına nələrisə təqdim eləmək fikiriniz varmı?

Elder HACIBƏYLİ: “Polaris”lə uzun müddətdir əməkdaşlıq edirik. “Polaris” xüsusi təyinatlılar və ordu bölmələri üçün kvadrosiklər, baqqilər, xüsusi dizayna malik nəqliyyat vasitələri istehsal edir. Bəhs etdiyiniz sahəyə çox böyük investisiya qoymğı fikirləşmirik. Bu bazarın təlabatından asılıdır. Müştərilərimizdən istək olsa, ən qısa müddətdə həllinə yardım edə bilərik. Hələlik bizim bu istiqamətdə konkret bir fəaliyyətimiz yoxdur. Çünki bunlar kifayət qədər bahalı texnikadır, ticari tsiklləri uzundur. Misal üçün hansısa hərbi qurum bizdən “Dagor” və ya MRZR tələb edərsə bunların Azərbaycana təmin olunma müddəti 7-8 ay təşkil edir.

CATEGORIES