Qazaxıstanın müdafiə sənayesi COVID-19 təhlükəsi ilə əlaqədar səfərbər olub
Qazaxıstanın müdafiə sənayesi müəssisələri yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasının aradan qaldırılması üçün səfərbər olublar.
“AzeriDefence”nin “Kazakhstan Engineering” Milli Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkənin müdafiə sənayesi müəssisələri ümumi və tibbi məhsulların istehsalına başlayıblar. Gecə görmə cihazları istehsal edən “Kazakhstan ASELSAN Engineering” şirkəti məsafədən insanların bədən istiliklərini ölçən elektro-optik cihazların istehsalını həyata keçirir.
Tibbi maskalar istehsalına başlayan “Tınıs” zavodu Akmola vilayətindəki səhiyyə müəssisələrinə artıq 110 min maska tədarük edib. Eyni zamanda, zavodda daha 2 milyon ədəd maska istehsalı üçün xammal və materiallar var. Habelə “Tınıs” zavodu təcili yardım maşınlarına quraşdırılması üçün süni ağciyər ventilyasiya cihazlarının istehsalına başlayıb. Sonrakı iki ay ərzində havalandırma cihazları Qazaxıstanın bütün bölgələrində təcili yardım xidmətlərinin ehtiyaclarını ödəyəcəkdir. Bununla əlaqədar, zavod gecə-gündüz üç növbəli iş rejiminə keçirilib.
Döyüş gəmiləri və katerlər istehsal edən Qazaxıstanın “Gidropribor” və “Zenit” müəssisələri insanların müxtəlif ərazilərə hərəkətlərinin məhdudlaşdırılması üçün mühəndislik maneələri və xüsusi tunellərin istehsalına başlayıblar.
“Petropavlovsk ağır maşınqayırma zavodu”, “S.M Kirov adına Zavod” və “Munaymaş” ASC nəqliyyat vasitələrini dezinfeksiya qurğuları ilə təmin edib.
Almatıda yerləşən öldürücü olmayan silah və praktiki döyüş sursatı istehsal edən “Alma-DK” və “Kalkan-7” zavodları xüsusi dezinfeksiyaedici vasitələrin və qoruyucu kostyumların istehsalını təşkil ediblər.
Məlumatda o da qeyd olunub ki, eyni zamanda müdafiə sənayesi müəssisələri tərəfindən 2020-ci il dövlət müdafiə sifarişi əsasında təsdiq edilmiş qrafikə uyğun olaraq hərbi məhsulların da istehsalı həyata keçiriləcək.