“Skyborg” sistemli PUA-nın ilk uçuş sınaqları keçirilib
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) F-35 və F-15EX kimi təyyarələrlə işləyəcək “Skyborg” pilotsuz uçuş aparatları (PUA) ailəsini silahlanmaya qəbul etməyi planlaşdırır.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.
Ötən ay ABŞ HHQ “Kratos” şirkətinin istehsalı olan UTAP-22 Mako PUA-nın bortunda “Skyborg” sisteminin ilk uçuş sınaqlarını keçirib.
Təyyarənin beyni kimi fəaliyyət göstərən baza avtonom sistemi və ya ACS PUA-nın operator müdaxiləsinə ehtiyac olmadan əməliyyatlar həyata keçirməsinə imkan yaradan avadanlıq və proqram paketidir.
Xatırladaq ki, “Kratos” şirkəti ABŞ HHQ tərəfindən “Skyborg” dronunun prototiplərini tədarük etmək üçün seçilən üç təyyarə istehsalçısından biridir. 2020-ci ilin dekabrında şirkət 37,7 milyon ABŞ dollar dəyərində müqavilə alıb.
Qeyd edək ki, həm “Boeing”, həm də “General Atomics” şirkətləri müvafiq olaraq 25,7 və 14,3 milyon ABŞ dolları dəyərində müqavilələr alıb.
Hər üç şirkətin də ilk prototiplərini bu ilin may ayının sonuna kimi təqdim etmələri gözlənilir.
Əhəd Əzizov