MSN İST-23 snayper tüfəngini ilk dəfə IDEF-2021 sərgisində təqdim edib
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan 23 mm çaplı İST-23 snayper tüfəngi ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.
“Poliqon”un məlumatına görə, MSN 23 mm çaplı İST-23 snayper tüfəngini “İstiqlal” iriçaplı snayer tüfəngi xəttinin davamı olaraq hazırlayıb. Hazırda dünyada 20 mm və bundan böyük kalibrdə cəmi bir neçə snayper tüfəngi mövcuddur. Belə kalibrli tüfənglər dünya ordularında daşınma, istifadə imkanlarına görə, 12.7 və 14.5 mm tüfənglərlə müqayisədə elə də geniş yayılmayıb.
Bu tüfəng dizayn baxımından Müdafiə Sənayesi Nazirliyinin İST-14.5 snayper tüfənginə bənzəyir. Silahın uzaq məsafədəki hədəfləri dəqiq vurması lülənin uzunluğu hesabına təmin edilir.
İST-23 snayper tüfəngi yüngül və zireh mühafizəsi zəif olunan texnikalara qarşı mübarizə imkanı, rəqibin atəş mövqelərinin uzaq məsafədən susdurulması, bağlı mövqelərə zərər yetirilməsi, o cümlədən yerə enmiş və ya aşağı hündürlükdə uçan helikopterlərinin vurulmasını təmin edə bilir.
Az sayda böyük kalibrli snayper tüfənginin mövcud olduğu bazarda Azərbaycanda yaradılan İST-23 iriçaplı snayper tüfəngi IDEF-2021 sərgisi zamanı ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi çərçivəsində MSN stendini ziyarət edən Azərbaycan Daxili İşlər Nazirliyinin daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynova İST-23 snayper tüfəngi haqqında ətraflı məlumat verilib.