“Aselsan” Ukraynanın HHM sistemini təkmilləşdirəcək
Ukraynanın “Ukrspetsexport” Dövlət Konserni Türkiyənin “Aselsan” şirkəti ilə hava hücumundan müdafiə (HHM) sistemlərinin təkmilləşdirilməsi barədə müqavilə imzalayıb.
“Aselsan” şirkətindən “Poliqon”a verilən məlumata görə, müqavilə ümumilikdə qoşunların idarəetmə sistemlərinin yaradılmasını və HHM sistemlərinin təkmilləşdirilməsini əhatə edir.
IDEF-2021 Beynəlxalq Müdafiə Sənayesi sərgisi zamanı imzalanan müqavilə ayrı-ayrı HHM sistemlərinin təkmilləşdirilməsi və “Aselsan” şirkətinin istehsalı qoşunların komanda-idarəetmə sisteminə (Command & Control) inteqrasiya üçün xidmətlərin göstərilməsini nəzərdə tutur.
Müqavilənin icrası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin taktiki və texniki xüsusiyyətləri artırılacaq.
Əhəd Əzizov