MKE yeni dəniz silahlarını nümayiş etdirib – FOTO
Türkiyədə milli Hərbi Dəniz Qüvvələri (HDQ) üçün silah istehsalı davam edir.
“Poliqon” xəbər verir ki, yerli “Makina və Kimya Sənayesi” (MKE) şirkəti bu ilin 17-20 avqust tarixlərində İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq silah sərgisində tam ölçülü 76 mm çaplı gəmi artilleriya qurğusunu və 20 mm çaplı zenit artilleriya kompleksini nümayiş etdirib.
HDQ üçün bir topun yaradılması haqqında məlumatlar artıq mətbuatda yer almışdısa, yeni zenit artilleriya kompleksi əksər mütəxəssislər üçün gözlənilməz sürpriz olub.
Qeyd edək ki, gəmi topları uzun məsafədən çox sürətlə atəş açdığından, inkişafı standart haubitsalardan və toplardan fərqlənir. Buna görə də gəmi toplarının inkişafı və istehsalı çətin bir prosesdir. Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarında İtalyanın “OTO Melara” şirkətinin (“Leonardo Group” tərkibində) 76 mm çaplı gəmi topları istifadə olunur. 76 mm-lik “OTO Melara” gəmi topu, HDQ Komandanlığının inventarında “Gabya” sinif freqatlarda, ADA sinif korvetlərdə və “Rüzgar”, “Doğan”, “Yıldız” və “Kılıç” sinif gəmilərdə istifadə olunur. “OTO Melara” şirkəti tərəfindən istehsal olunan 76 mm-lik top sisteminin 3 fərqli versiyası mövcuddur: “Compact”, “Super Rapid” və “Strales Systems”. Türkiyə HDQ gəmiləri əsasən “Compact” modelindən istifadə edir. “Super Rapid” modeli isə yeni istehsal olunan gəmilərdə istifadə olunur. Türkiyə HDQ 76 mm-lik dəniz topunu ən çox istifadə edən donanmalardan biridir. Bu isə külli miqdarda maliyyə vəsaitinin xaricə axını deməkdir. Bu topun yerli inkişafı və istehsalı ilə birlikdə əhəmiyyətli miqdarda maliyyə qaynaqları ölkədə qalmış olacaq.
76 mm çaplı gəmi artilleriya qurğusu hava, quru və dəniz hədəflərinə qarşı təsirlidir. Yeni 76/62 dəniz topunun atış məsafəsi 16 km-dir. Lülənin çapı 76 mm, uzunluğu isə 4700 mm-dir. Lülə su ilə soyutma sisteminə malikdir. Maksimal atış tempi dəqiqədə 80 atəş təşkil edir. Silah sisteminin kütləsi döyüş sursatı olmadan 7500 kq və döyüş sursatı ilə birlikdə 8500 kq civarındadır. Sistem 70 dəst atəş yığımı tutan fırlanan konveyerə malikdir.
76 mm-lik yeni topun döyüş atışlı sınaqlarının keçirilməsi bu ilin oktyabr-noyabr aylarına planlaşdırılır.
20 mm-lik zenit artilleriya kompleksi elektro-optik sensorla təchiz edilib, lakin hədəfi axtarmaq və izləmək üçün radara malik deyil. İstehsalçının sözlərinə görə, kompleks hazırda Türkiyənin G sinifli freqatlarının təchiz edildiyi “Genesis Advent” dəniz döyüş məlumat-idarəetmə sistemi ilə birlikdə işləməyə hesablanıb.
Şirkət, 20 mm-lik artilleriya kompleksini tədarükünə 2022-ci ilin sonuna qədər başlamağı planlaşdırır. Kompleksin hədəfi məhvetmə məsafəsi 2 km, döyüş sursatının döyüş dəsti 1500 ədəd, atış tezliyi dəqiqədə 4000 atəş təşkil edir.
76 mm çaplı MKE gəmi artilleriya qurğusu
20 mm çaplı MKE zenit artilleriya kompleksi
Əhəd Əzizov