Hindistan BMP-2-lərin təkmilləşdirilməsinə başlayır
Hindistan, ölkənin silahlı qüvvələrində silahlanmada yer alan BMP-2 və BMP-2K “Sarath” piyada döyüş maşınlarının (PDM) təkmilləşdirilməsi proqramına başlayır.
“Poliqon” xəbər verir ki, proqram çərçivəsində Hindistan Silahlı Qüvvələrinin texnika parkında yer alan 811 ədəd BMP-2 və BMP-2K “Sarath” PDM təkmilləşdiriləcək. Bütün işlər yerli zavodlarda yerinə yetiriləcək.
Təkmilləşdirmə zamanı döyüş maşınlarının daha güclü mühərriklər və müasir idarəetmə sistemləri ilə təchiz edilməsi planlaşdırılır. PDM tuşlayıcının termal nişangahı və komandirin üçüncü nəsil panoramik nişangahı, müasir atəşi idarəetmə sistemi və hədəfi avtomatik müşayiətetmə sistemi ilə təchiz ediləcək.
Quru Qoşunlarının komandanlığı təkmilləşməni PDM-in gecə “korluğu” və nişanalma vasitələrinin “müasir döyüş şərtlərinə” uyğunsuzluğu ilə izah edir. Eyni zamanda, Hindistanda PDM-lərin silahlandırılması məsələsi açıq olaraq qalır.
Xatırladaq ki, BMP-2K “Sarath” PDM Sovet istehsalı olan BMP-2 PDM-in Hindistan versiyasıdır. 14.3 ton ağırlığındakı BMP-2K “Sarath” PDM, 30 mm-lik 2A42 avtomatik topu və 7,62 mm-lik qoşalaşdırılmış pulemyot şəklində Sovet BMP-2 PDM-nin “klassik” silahlanmasına malikdir. Ancaq 9K111 “Faqot” və ya 9K111-1 “Konkurs” tank əleyhinə idarə olunan raket kompleksindən istifadə etmək mümkündür.
Ötən 2020-ci ildə Hindistan Müdafiə Nazirliyi Silah Zavodları Dövlət İdarəsindən (Ordnance Factory Board) 156 ədəd BMP-2 və BMP-2K “Sarath” PDM-in əlavə satınalınmasını təsdiqləyib. Sifarişin dəyəri 11,25 milyard rupi (148 milyon ABŞ dollar) olaraq qiymətləndirilir. Əlavə PDM-lərin alınması Hindistan Quru Qoşunlarının müdafiə olunan daşıma vasitələrinə olan təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
1987-ci ildən bəri lisenziya altında 2500 ədəddən çox BMP-2 və BMP-2K “Sarath” PDM yığan OFPM zavodu, bütün 156 ədəd zirehli maşının çatdırılmasını 24 ay ərzində tamamlamalı olacaq.
Hazırda, Hindistan Quru Qoşunlarında müxtəlif versiyalarda təxminən 1500 ədəd BMP-2 və BMP-2K “Sarath” PDM var. Bu zirehli maşınlar bir hissəsi “Nag” TƏİR kompleksi ilə təchiz edilib.
Əhəd Əzizov