Rusiya 201-ci hərbi bazasını BMP-2M PDM ilə gücləndirir

Rusiya 201-ci hərbi bazasını BMP-2M PDM ilə gücləndirir

Rusiya Tacikistandakı 201-ci hərbi bazasının zirehli texnika parkının komplektləşdirilməsini davam etdirir.

“Poliqon” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bazanın bölmələri təkmilləşdirilmiş BMP-2M piyada döyüş maşınları (PDM) alacaqlar.

Son vaxtlar Əfqanıstanda vəziyyətin dəyişməsi fonunda Rusiya Tacikistandakı 201-ci bazanı intensiv şəkildə yenidən silahlandırır. Bazaya “Berejok” döyüş modulu ilə təchiz edilmiş BMP-2M PDM-in yeni modifikasiyası göndəriləcək. Tacikistandakı 201-ci hərbi baza Rusiyanın Orta Asiyadakı hərbi varlığının əsas elementidir. Orada yerləşdirilən bölmələr istənilən vaxt Əfqanıstanla sərhədi örtməyə və ya bölgədəki vəziyyətin sabitliyinin pozulmasına dərhal reaksiya verməyə hazırlaşır.

Təkmilləşdirilmiş BMP-2M PDM R-168 “Akveduk” müasir rəqəmsal radiostansiya, yeni müşahidə cihazları və nişangah kompleksi ilə təchiz edilib. “Berejok” döyüş modulu atəş gücü baxımından yenilənmiş döyüş maşınını öz sinifində ən güclülərindən birinə çevirir. Modul 30 mm-lik avtomatik top, 7,62 mm-lik pulemyot, avtomatik qumbaraatan və “Kornet” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) dörd buraxma qurğusu ilə təchiz edilib. Lazer şüası ilə idarə olunan raketlər 10 km-ə qədər məsafədə yerləşən istənilən müasir zirehli maşınını dəlməyə qadirdir. Döyüş modulu müasir atəşi idarəetmə sistemi ilə və termal nişangahla təchiz edilib.

Son illərdə 201-ci hərbi baza intensiv şəkildə gücləndirilir. 2015-ci ildən bəri bazaya yeni silahlar tədarük olunur. Motoatıcı bölmələr artırılmış atəş gücünə malik BTR-82A yeni zirehli transportyorlarla, təkmilləşdirilmiş PDM-lərlə təchiz olunub. Bazanın artilleriya qrupu uzun mənzilli 220 mm-lik “Uraqan” YARS alıb. Qrupun silahlanmasında 122 mm-lik 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları və Ural avtomobilləri üzərində 23 mm-lik ZU-23-2 zenit qurğuları da yer tutur.

Baza havadan S-300PS uzun mənzilli zenit-raket sistemi ilə himayə olunur. Əlavə olaraq, Mİ-24P zərbə və Mİ-8MTV5-1 hərbi nəqliyyat helikopterlərindən ibarət qarışıq helikopter eskadrilyası da bazanın tərkibindədir. Pilotsuz uçuş aparatları və kiçik hava hədəfləri ilə mübarizə aparmaq üçün bazaya yeni “Verba” daşınan zenit raket sistemləri tədarük olunub.

Atıcı silahlara da xüsusi diqqət yetirilib. Şəxsi heyət uzun müddətdir AK-12 Kalaşnikov avtomatının müasir versiyaları, 12,7 mm ASVK-M snayper tüfəngləri və “Yarıgin” tapançaları ilə, həmçinin təkmilləşdirilmiş reaktiv odsaçanlarla silahlandırılıb. Bu il bölmələr, həmçinin 12,7 mm-lik NSV iriçaplı pulemyotları və “Kornet” TƏİR kompleksləri ilə təchiz olunublar (həmçinin bax: Rusiya Tacikistandakı hərbi bazasını ağır piyada silahları ilə gücləndirib).

Rusiya ilə Tacikistan arasındakı ikitərəfli müqavilələrə əsasən, baza ən azı 2042-ci ilə qədər respublikada yerləşə bilər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS