Polşada yeni yaxın mənzilli HHM sistemləri yaradılır
“Polska Grupa Zbrojeniowa” (PGZ) şirkəti qısa mənzilli mobil hava hücumundan müdafiə (HHM) sistemlərinin hazırlandığı “SONA” layihəsinə öz həllini təqdim edib.
“Poliqon” “Polska Grupa Zbrojeniowa” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni HHM sistemlərinin silahlanmada olan 23 mm-lik ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğularını (ÖZQ) və 9K33 “Osa” zenit raket komplekslərini (ZRK) əvəzləyəcəyi, həm yürüşdə, həm də yerində zirehli tank və mexanikləşdirilmiş bölmələrin müdafiəsini təmin edəcəyi planlaşdırılır.
PGZ şirkəti Polşa müdafiə sənayesinin bütün son inkişaflarını mobil platformalarda birləşdirməyi təklif edərək məmulatı sadələşdirib və qiymətini azaldıb. Şirkət “Krab” (K9) özüyeriyən artilleriya qurğusunun (ÖAQ) tırtıllı şassisinə və “Rosomak” zirehli transportyorunun (ZTR) təkərli şassisinə əsaslanan “SONA” layihələrini təqdim edib:
– birinci variantda, hərbçilər proqramlaşdırıla bilən mərmiləri olan iki ədəd 35 mm-lik yüksək atəş tezlikli avtomatik top, radiolokasiya stansiyası (RLS) və 4 ədəd “Piorun” raketi ilə silahlandırılmış qurğu alacaqlar.
– ikinci variantda isə bu, 1 ədəd 35 mm-lik yüksək atəş tezlikli avtomatik topu, sadələşdirilmiş hədəf aşkaretmə sistemi və 4 ədəd “Piorun” raketi ilə silahlandırılmış qurğudur. Avtomatik topun sayının ikidən birə endirilməsinə səbəb isə “Rosomak” zirehli transoortyorunun yükqaldırma qabiliyyətinin aşağı olmasıdır.
Bunlardan başqa, PGZ şirkətində komanda maşınları, genişləndirilmiş hədəf aşkaretmə radiuslu RLS maşınları, həmçinin perspektiv lazer və elektromaqnit silah daşıyıcıları layihələndirilib.
Əhəd Əzizov