“Altay” tankının güc paketi Cənubi Koreyadan tədarük ediləcək
“Altay” tankının mühərrik və transmissiya istehsalı ilə bağlı sazişdə dəyişiklik
Türkiyənin “Altay” əsas döyüş tankının mühərrik və transmissiyası ilə bağlı Cənubi Koreya ilə imzalanan memorandumda dəyişiklik edilərək birgə seriyalı istehsal planlarından hazır məhsulların tədarükünə keçdiyi bildirilib.
“Poliqon” xəbər verir ki “Defence News”a danışan Türkiyə və Cənubi Koreya mənbələri Cənubi Koreyada istehsal edilən hissələrin birgə istehsal əvəzinə Türkiyəyə göndəriləcəyini bildiriblər.
Rəsmilər “ABŞ-ın razılaşmaya mane ola biləcək müdaxiləsindən narahatlıq” olduğunu da vurğulayıblar.
Oktyabrın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Koreyaya rəsmi səfəri zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bunun müxtəlif layihələrlə gücləndiriləcəyinə ümid etdiyini bildirmişdi.
Bu çərçivədə Cənubi Koreyanın “Doosan” və “S&T Dynamics” şirkətlərinin “Altay” tankı üçün mühərrik və transmissiya təmin edəcəyi Türkiyənin BMC şirkəti ilə memorandum imzalanıb. İlk mərhələdə enerji blokunun Türkiyədə birgə istehsalı və Cənubi Koreyadan Türkiyəyə texniki məlumatların verilməsi razılaşdırılmışdı.