ANAMA Goranboyda baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb

ANAMA Goranboyda baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb

Yanvarın 18-də Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu təhlükəli hesab edilən keçmiş təmas xətti ərazisi istiqamətində hərəkət edərkən mina partlayışı nəticəsində xəsarət alıb.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, baş verən piyada əleyhinə mina partlayışı nəticəsində kənd sakininin sol ayağı dizdən aşağı amputasiya olunub.

Bildirilib ki, Agentlik tərəfindən Goranboy və müharibədən zərər çəkmiş digər rayonlarda mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti icra edilir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə mina təhlükəsi ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün kəndlərdə icma qrupları yaradılır. İcma qruplarının fəaliyyətinin əsas məqsədi mina təhlükəsinə dair kənd sakinlərini, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlərin təhlükəli ərazilər, partlayıcı sursatların törədə biləcəyi risklər barədə maarifləndirilməsi, İcma Komitələrinin yaradılması, rayon icra strukturları ilə əlaqələndirilməsi, son məlumatların ANAMA-da toplanılmasının təmin edilməsindən ibarətdir.

ANAMA bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Poliqon.az

CATEGORIES
TAGS