“Mojave” zərbə PUA pulemyot və raketlərlə silahlandırılıb
“General Atomics” şirkəti “Mojave” zərbə pilotsuz uçuş aparatını (PUA) asma silahlarla təchiz edib.
Bu barədə “Poliqon” “General Atomics” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.
PUA-nın qanadının altında hər tərəfdə üç ədəd olmaqla ümumilikdə altı asma qurğusu var. Dörd asqı, ehtimal ki, “hava-yer” sinfinə aid AGM-114 “Hellfire” və AGM-179A raket buraxma qurğularına aiddir.
Kənarlarda isə iki ədəd “Dillon Aero” konteyneri var. Onların hər biri çoxlüləli elektrik “Minigun” pulemyotları üçün daxili enerji mənbəyi və üç min ədəd 7,62×51 mm-lik patron üçün maqazin olan qapalı sistemdir. Bu konteyner konfiqurasiyasında altı lüləli pulemyot dəqiqədə 3000-ə qədər atəş aça bilər.
“Mojave” PUA daha çox M134 “Minigun” yüksək dəqiqlikli pulemyotları ilə silahlandırılır. “Minigun” pulemyotlarının öz üstünlükləri var. Bomba və ya raketlərlə müqayisədə onlar kiçik hədəflər və ya hədəf qrupları üçün daha yaxşı nişangah atışlarına, həmçinin bir hədəfdən digərinə sürətli keçidə imkan verir.
Yerdəki hədəfləri vurmaq yerə yaxın məsafədə dinamik manevr tələb edir. Ona görə də “Mojave” PUA operatorunun pulemyotlarıi necə idarə edəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, “General Atomics” şirkəti “Mojave” PUA-nı 2021-ci ildə təqdim edib. O, artırılmış uçuş məsafəli ən son “Grey Eagle” modelinin gövdəsi əsasında qurulmuşdur.
Pilotsuz aparat 450 at gücünə malik turbovintli mühərriklə təchiz edilib. O, 25 saatdan çox uça və 1600 kiloqrama qədər faydalı yük daşıya bilir.
ABŞ-ın cənub-qərbindəki səhranın şərəfinə adlandırılmış “Mojave” PUA qeyri-standart uçuş-enmə zolaqlarından qalxa və enə bilir. PUA-nın havaya qalxması və enməsi üçün 152 metr uzunluğunda uçuş-eniş zolağı kifayətdir. Bu isə o deməkdir ki, aparat aviadaşıyıcılardan və ya hətta universal desant gəmilərindən buraxıla bilər.
Hazırda PUA sınaqdan keçirilir. Onun prototipi ilk dəfə keçən ilin yayında havaya qalxıb.
Əhəd Əzizov