AzTU-da müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması mövzusunda konfrans keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, AMEA-nın və AzTU-nun dəstəyi ilə martın 2-də “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma” mövzusunda konfrans keçirilirb.
“Poliqon” AZƏRTAC-a istinadən xəbər verir ki, AzTU-nun rektoru, professor Vilayət Vəliyev, müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə və digərləri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Bildirilib ki, müdafiə təyinatlı texnologiyalar ölkənin siyasi qüdrətini müəyyənləşdirir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin əsasında da Ordunun əsgər və zabitlərinin rəşadəti və qəhrəmanlığı ilə yanaşı, ölkənin müdafiə sənayesi məhsullarının uğurlu tətbiqi də dayanır.
Konfransda süni intellektin, nanotexnologiyaların tətbiqinin hərbi sahədə yaratdığı üstünlüklərdən, kibertəhlükəsizlik sistemi, ağıllı texnologiyaların inkişafı məsələlərindən söhbət açılıb. Bu sahədə ixtisaslı kadrların hazırlanması, MSN-in müəssisələrində universitetin tələbələrinin təcrübə keçmələrinin vacibliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində kadrların hazırlanması və tədqiqatların aparılması mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, AzTU regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəbdir. Universitetdə bu sahədə kadr hazırlığını xüsusi texnika və texnologiya fakültəsi həyata keçirir.