ABŞ Ukraynanı döyüş təyyarələri ilə təmin edə bilər
ABŞ Polşa və digər müttəfiqləri ilə Ukraynaya qırıcı təyyarələr göndərmək imkanları üzərində müzakirələr aparır.
Bu barədə “Poliqon” “Defense Express” nəşrinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Polşa Ukraynanı MiQ-29 və Su-25 döyüş təyyarələri ilə təmin etmək, daha sonra bunun müqabilində ABŞ-dan F-16 döyüş təyyarələri almaq istəyir.
ABŞ hökumətinin nümayəndəsi CNN-ə verdiyi müsahibəsində Ukraynaya qırıcıların göndərilməsinin hər hansı ölkənin verə biləcəyi müstəqil qərar olduğunu bildirib və qeyd edib ki, bir çox logistika məsələləri, o cümlədən təyyarənin necə təhvil veriləcəyi işlənib hazırlanmalıdır.
Bundan əvvəl Ukrayna parlamenti Avropa İttifaqına (Aİ) üzv olan üç tərəfdaş ölkənin Ukrayna Silahlı Qüvvələrinə 70 ədəd MiQ-29 və Su-25 döyüş təyyarələri çatdıracağını bildirmişdi. Məlumatda Ukrayna Silahlı Qüvvələrinə Bolqarıstan 16 ədəd MiQ-29 və 14 ədəd Su-25, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 döyüş təyyarələri təhvil verəcəyi deyilirdi. Lakin sonradan sözügedən Aİ ölkələri Ukraynaya döyüş təyyarələri tədarük etmək fikrində olmadıqlarını rəsmən bəyan etmişdilər.
Rizvan Fikrətoğlu