ADEX-2022 sərgisinə hazırlıqlar davam edir
Azərbaycanda Bakı Ekspo Mərkəzində 6-8 sentyabr tarixlərində ADEX-2022 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.
ADEX sərgisinin təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, sərgiyə hazırlıqlar davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında keçirilən ADEX sərgisinin təşəbbüskarı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyidi və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Silah və hərbi texnikanın əsas regional ekspozisiyası statusuna malik olan ADEX, 200-dən çox şirkəti bir araya gətirəcək. ADEX-2022 sərgisində Azərbaycan, Çexiya, Türkiyə, Rusiya, İsrail, Belarus, İran və digər ölkələr milli pavilyonla iştirak edəcək. Sərgidə ilk dəfə İordaniya şirkətləri iştirak edəcək.
ADEX-2022 sərgisində müasir silah və hərbi texnikalar, o cümlədən təyyarə, helikopter, pilotsuz uçuş aparatları, gəmi sistemləri, döyüş maşınları və onların avadanlıqları, radio-elektron sistemlər, C4ISR, mühəndislik sistemləri və qurğuları və s. nümayiş etdiriləcək. Habelə hərbi və hümanitar təşkilatlar, logistika xidmətləri öz imkanlarını təqdim edəcəklər.
Sərginin işgüzar proqramı genişlənəcək, hərbi tibb, müdafiə sənayesi startapları və kibertəhlükəsizlik konfransında yeniliklərin daxil ediləcəyi əlavə tədbirlər proqramı nəzərdə tutulub.
ADEX-2022 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “Securex Caspian-2022” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi ilə birgə keçiriləcək. “Securex Caspian-2022” sərgisində hüquq-mühafizə orqanları, sərhəd, xilasetmə və xüsusi xidmətlər üçün texnologiyanın perspektivli modelləri, inteqrasiya olunmuş təhlükəsizlik sistemləri və silahlar nümayiş etdiriləcək.
POLİQON jurnalı ADEX-2022 və “Securex Caspian-2022” sərgilərinin rəsmi media tərəfdaşıdır. POLİQON jurnalı ADEX-2022 və “Securex Caspian-2022” sərgilərində özünün Azərbaycan və İngilis dillərində qarışıq hazırlanmış Xüsusi Buraxılışı ilə çıxış edəcək. 2500 nüsxə tirajla çap olunan Xüsusi Buraxılış sərgi iştirakçı və ziyarətçilərinə paylanacaq. Xüsusi Buraxılışın elektron (PDF) versiyası 10000 üzərində sahə peşəkarlarının emailinə göndəriləcək.