Türk Ordusuna “Aksunqur” və “Anka-S” PUA-ların tədarükü davam edir
Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) yerli TUSAŞ şirkəti tərəfindən hazırlanan 1 ədəd “Aksunqur” və 2 ədəd “Anka-S” pilotsuz uçuş aparatı (PUA) təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında məlumat verilib.
Xatırladaq ki, bundan əvvəl TUSAŞ şirkətinin baş direktoru Temel Kotil 5 ədəd “Aksunqur” PUA-nın Türkiyənin Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinə tədarük ediləcəyini açıqlamışdı.
“Aksunqur” PUA 750 kq faydalı yük daşıya və 50 saatdan çox havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.
“Anka-S” PUA Türkiyə istehsalı olan 1 ədəd 170 at gücündə PD170 mühərriki ilə təchiz olunub. “Anka-S” PUA 230 kq faydalı yük ilə 30000 fut yüksəklikdə 24 saat uçuş həyata keçirə bilir. PUA-nın faydalı yükünə Türkiyənin ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kamera dəsti, SAR radarı, Türkiyənin “CTech” şirkətinin istehsalı olan SATCOM peyk rabitəsi, yerli istehsal olan IFF və radiolink daxildir.
Qeyd edək ki, “Anka” PUA 2015-ci ildən Türkiyə Silahlı Qüvvələri tərəfindən fərqli coğrafiyalarda döyüş əməliyyatlarında istifadə olunur.
Rizvan Fikrətoğlu