TUSAŞ Malayziyaya “Hürjet” təlim-döyüş təyyarələri ixrac edə bilər

TUSAŞ Malayziyaya “Hürjet” təlim-döyüş təyyarələri ixrac edə bilər

Malayziya Hərbi Hava Qüvvələrinin təlim təyyarəsinə olan ehtiyacını qarşılamaq üçün keçirdiyi “Jet Trainer” tenderində iştirak edən Türkiyənin TUSAŞ şirkətinin “Hürjet” təlim və yüngül hücum təyyarəsinin qalib gəlmək imkanları böyükdür.

“Poliqon”un məlumatına görə, DSA-2022 sərgisində “Jet Trainer” tenderi ilə bağlı fikirlərini bölüşən TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib ki, dünyanın yaxından izlədiyi bu tender prosesinin nəticəsindən asılı olmayaraq, TUSAŞ Türkiyə və Malayziya arasında aviasiya texnologiyalarının imkanlarının inkişafına töhfə verməyə davam etməyi hədəfləyir.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (SSİK) iclasında TUSAŞ şirkəti tərəfindən “Hürjet” təlim-döyüş təyyarəsinin seriyalı istehsal edilməsinə dair qərar qəbul edilib. Bunlarla yanaşı reaktiv mühərrikli “Hürjet” yüngül hücum təyyarəsinin 2023-cü ildə uçuş sınaqlarına başlanması üçün çalışmalar sürətlə davam etdiriləcək.

TUSAŞ kütləvi istehsalın ilk ilində 7 ədəd, daha sonra isə ildə 24 ədədə qədər “Hürjet” təkmühərrikli, tandem oturacaqlı, səsdən sürətli təlim-döyüş təyyarəsi istehsal etməyi planlaşdırır.

“Hürjet”in Türkiyə Silahlı Qüvvələrinin istifadəsində yer alan F-16 döyüş təyyarələrinə yaxın hava dəstəyində istifadəsi nəzərdə tutulur.

Poliqon.az

CATEGORIES
TAGS