ABŞ Ukraynaya “RQ-20 Puma AE” PUA tədarük edəcək
ABŞ Ukrayna Ordusuna “RQ-20 Puma AE” pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bununla bağlı ABŞ Ordusunun Müqavilə Komandanlığı “AeroVironment Inc.” şirkəti ilə 19,7 milyon dollar dəyərində müqavilə imzalayıb.
Müqaviləyə PUA-larla yanaşı onun ehtiyat hissələri, logistika və Ukrayna hərbçilərinin təlimi daxil edilib.
ABŞ-ın Kaliforniya ştatında yerləşən “AeroVironment Inc.” şirkətinin istehsalı olan “RQ-20 Puma AE” PUA bir hərbçi tərəfindən daşına bilir və əllə buraxılır. “RQ-20 Puma AE” quruda və dənizdə müşahidə və kəşfiyyat üçün nəzərdə tutulub.
PUA 3,5 saatdan çox uçuş qabiliyyətinə malikdir. Xüsusilə yüksək hündürlüklərdə və isti iqlimlərdə onu işə salmaq daha asandır.
“RQ-20 Puma AE” hazırda Albaniya, Belçika, Kanada, Çexiya, Danimarka, Misir, Estoniya, Fransa, Almaniya, Latviya, Hollandiya, Yeni Zelandiya, Norveç, İspaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin hərbi aviasiya arsenalında yer alır.
Rizvan Fikrətoğlu